Azərbaycanda dini qurumların növləri və onların qeydiyyatdan keçirilməsinin şərtləri və qaydaları

Bu məqalədə dini qurumların növləri, onların qeydiyyatdan keçirilməsinin şərtləri və qaydaları şərh edilmişdir. Açar sözlər: dini etiqad azadlığı, dini qurumlar; dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri; dini qurumların qeydiyyatı və ləğvi.

I. Giriş

Din azadlığı, Konstitusiya ilə tanınan əsas hüquq və azadlıqlardan biridir. Dinin özündə və beynəlxalq hüquqda bu azadlıq həm fərdi qaydada, həm də başqaları ilə birlikdə həyata keçirilən hüquqdur. Digər tərəfdən, din azadlığının özü də, həm din, həm də dövlət tərəfindən tənzimlənən bir hüquqdur. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən din dövlətdən ayrı olsa da, onun siyasi cəmiyyətə tətbiq olunması səbəbiylə dövlət də din azadlığını tənzimləyir. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan edilmişdir.[1]

       Ölkəmizdə bu hüququ tənzimləyən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanuna əsasən, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.[2] Azərbaycan dövlətinin hüquqi əsasları  və təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu səbəblə dövlətin dinlə münasibəti, ictimai qaydanı qorumaq məqsədi ilə dini müəyyən qədər tənzimləməkdən ibarətdir. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də islam dini üstün mövqe tutur. Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir.[3]

        Din azadlığının həyata keçirilməsində hər ölkəyə xas ənənələr olduğunu müşahidə etmək mümkündür. Bu baxımdan tarixi, praktiki və bəzən də zəruri olaraq dini qurumların varlığını da görə bilirik.  Məsələn, kilsə, məscid kimi ibadətxanalar həm də dindarların digər məsələlərini idarə etməklə dini qurum şəklində ortaya çıxır. Ölkəmizdə qanunvericilik dini qrupları “qurum” kimi tənzimləyib.

Ölkəmizin də tərəf olduğu beynəlxalq insan hüquqları konvensiyalarına görə, dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla biləcəyinə görə, dini qurumlar da bənzər səbəblərlə həm tənzimlənə, həm də məhdudlaşdırıla bilər. Tənzimləmə vasitələrin birisi də dini qurumların qeydiyyatıdır.

Ölkənin qanunvericiliyində  “dini qurumlar” adlandırılan və dini mərkəz, icma və ya onların ayrı-ayrı birliklərini ehtiva edən dini təşkilatlar mövcud qanunvericiliyə əsasən “Dini Qurumların İşləri üzrə Dövlət Komitəsi” ( bundan sonra DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmalıdır[4]. DQİDK qeydiyyat prosesinə nəzarət edir, dini qurumların qeydiyyatını həyata keçirir və hər hansı dini qurumun fəaliyyətinin ləğv olunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Dini icmanın qeydiyyatı öz qeydiyyat ərizəsində göstərdiyi və yerləşdiyi fiziki ərazi ilə məhdudlaşır. Qurum gələcəkdə fəaliyyət yerini dəyişdirdikdə və ya digər ərazilərə yayıldıqda təkrar qeydiyyata alınmalıdır.

Onu da qeyd etməliyik ki, Azərbaycanda qeyri-kommersiya qurumlarının ümumiyyətlə hamısının qurulması və fəaliyyətə başlaması faktiki “icazə” mahiyyətində olan qeydiyyata tabedir. Bu sistem dini qurumlar baxımından da tətbiq olunur. Qeydiyyata alınmayan dini qurumun fəaliyyəti DEAQ ilə qadağandır.

Qanunda həmçinin dini qurumların ləğv oluna biləcəyi hallar müəyyən olunmuşdur. Buraya dini qurumlar tərəfindən təsis olunma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi, irqi, milli, dini və ya sosial ədavət yaratmaq məqsədi ilə təbliğ edilməsi, “insan ləyaqətini alçaldan” və ya “insanlıq sevgisi, filantropiya və xeyirxahlıq” kimi  insanpərvərlik prinsiplərinə zidd olan dinin təbliğ edilməsi kimi hallar daxildir. Dünyəvi təhsil alınmasına mane olma və ya dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə də bu dini qurumun ləğv olunmasına əsas ola bilər. Bunlara daha sonra yenə toxunacağıq.

 

[1] “Azərbaycan Respublikasının Konstitusiyası”, m.18. baxın: http://www.e-qanun.az/framework/897

[2] “Dini Etiqad Azadlığı haqqında” Qanun, m.1. Din azadlığıyla bağlı baxın: http://www.e-qanun.az/framework/7649

[3] Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanda mövcud dinlər, baxın: http://mct.gov.az/az/din

[4] Qurumun internet adresi, müvafiq qanunvericilik və gördüyü işlərlə bağlı baxın:  http://www.dqdk.gov.az/

II. Dini qurumların növləri

Dini mərkəz və idarələr, dini təhsil müəssisələri, dini icmalar, onların birlikləri dini qurum hesab edilirlər. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar.

Dini qurumların növləri “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunda öz əksini tapmışdır. Dini qurumlar bu Qanuna və təsdiq edilmiş nizamnamələrində göstərilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərirlər.

Dini qurumların qanunvericilikdə nəzərdə tutulan aşağıdakı növləri mövcuddur[1]:

  • Dini mərkəz və idarələr;
  • Dini təhsil müəssisələri;
  • Dini icmalar;
  • Onların birlikləri.

Ölkə ərazisində müxtəlif dinlərə məxsus olan dini qurumlar fəaliyyət göstərməkdədir.  “Dini Etiqad Azadlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən,  Dini qurumlar öz fəaliyyətini həyata keçirərkən yalnız nizamnaməsində göstərilən səlahiyyətlər daxilində öz funksiyalarını icra edirlər, çünki dünyəvi dövlət prinsipi səbəbilə  dövlətə məxsus olan vəzifələrin həyata keçirilməsi dövlət tərəfindən dini qurumlara tapşırıla bilməz. Qanunvericilikdə birbaşa olaraq dini qurumların siyasi partiyaların fəaliyyətində iştirakı eyni zamanda onlara hər hansı bir maliyyə yardımı edə bilməməsi öz əksini tapmışdır.[2] Publik qurumlara din xadimləri seçildikdə və ya təyin olunarsa onlar öz peşə vəzifələrini həyata keçirərkən peşəkar dini fəaliyyəti həmin müddətdə dayandırmalıdır. Həmçinin dini qurumların rəhbəriləri də publik vəzifə daşıya bilməz. Qanunda dini obyektlərin siyasi məqsədlər üçün istifadəsi qadağan edilmişdir. Digər tərəfdən siyasi partiyalar, ictimai birliklər, habelə qeyri-hökümət təşkilatlarının  dini fəaliyyətlə məşğul olunması qanunla qadağan edilmişdir.

Dini Etiqad Azadlığı haqqında” Qanunun 5-ci maddəsidə qeyd edilir ki, dini qurumlar cinayət məcəlləsində nəzərdə tutulan “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri” yerinə yetirməlidirlər.

 

[1]Dini Etiqad Azadlığı haqqında” Qanun, m.7. Dini qurumun növləri ilə bağlı baxın: http://www.e-qanun.az/framework/7649

[2]Dini Etiqad Azadlığı haqqında” Qanun, m.5  Dövlət və dini qurumlarla bağlı münasibətə baxın: http://www.e-qanun.az/framework/7649

2.1. Dini mərkəzlər və idarələr

Qanunvericilik dini mərkəz və idarənin nə mənaya gəldiyini göstərməyib; halbuki dini icmaları tənzimləyən DEAQ-nun 8-ci maddəsi dini icmanın nə olduğunu izah edir. Bununla bərabər qanunu bir bütov olaraq ələ aldığımız zaman, dini mərkəz və idarəni peşəkar dini fəaliyyətlə məşqul olan, özündə din xadimlərini birləşdirən, eyni dinə aid fərqli dini icmaları tabeçiliyində toplayan bir qurumdur. Qanunun 9-cu maddəsinə görə, Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində — Qafqaz Müsəlmanları İdarəsində birləşirlər. Təşkilati mərkəzləri xaricdə olan qeyri-islam dini qurumları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan  hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta bilərlər.

“Dini Etiqad Azadlığı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, qanunla tənzimlənməyən hallarda,  dövlət həm ölkə ərazisinin hüdudlarında, həm də ölkə ərazisindən kənarda yerləşən dini mərkəz və idarələrlə münasibətləri müqavilə əsasında həyata keçirir. Qeyd olunmalıdır ki belə hallarda da bu münasibətlər publik hüququn prinsiplərindən kənara çıxmamalıdır.

Dini mərkəz və idarələrə qanun dini ibadətgahlar və dini təhsil müəssisələri yaratmağa icazə verir, bir şərtlə ki, bunu öz nizamnaməsində göstərsin. Dini mərkəzlər eyni zamanda həm ölkə hüdudlarında, həm də kənarda öz filal və nümayəndələrini yaratmaq sərbəstdirlər. Qeyd etmək lazımdır ki, qeyri-müsəlman təmayüllü  dini icmaların mərkəzi   “Dini etiqad azadlığı haqqında qanun”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunun tələblərinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyəti olan eyni dini etiqada məxsus 5 dini icmanın yığıncaq, qurultay, konfrasında yaradılmalıdır.

2.2. Dini tədris müəssisələri

DEAHQ-un 2021-ci il redaksiyası ilə ləğv edilmiş 10-cu maddəsində göstərildiyi kimi, dini tədris müəssisəsi din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün qurulan dini tədris müəssisəsidir. Dini tədris müəssisələrinin DEAHQ-un 6-cı maddəsində a) ali dini təhsil və b) dini orta təhsil müəssisəsi kimi növləri sadalanmışdır.

Qanunda qeyd edilir ki, dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr tərəfindən yaradıla bilər. İcmalara bu cür  müəssisələrin yaradılması qadağandır. Dini mərkəz və idarələrə dini təhsil müəssisəsiylə bağlı say məhdudiyyəti gətirilərək 1 ədəd ali dini təhsil müəssisəsinin yaradılmasına icazə verilmişdir. Əgər dini mərkəz və idarələr dini təhsil müəssisəsi yaratmaq istəsə bunun üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin 5.6, 5.7-ci bəndlərinə əsasən, Dini İşlər Üzrə Dövlət Komitəsi tərəfindən müvafiq xüsusi razılıq, yəni lisenziya almalıdırlar[1]. Lisenziyanın alınmasında maraqlı olan dini mərkəz və idarələr Bakı şəhərində yerləşən “ASAN 5”, “ASAN XİDMƏT MƏRKƏZİNİN bölgələrdə yerləşən Mərkəzlərinə” və ya birbaşa olaraq DİDK-ə müraciət edə bilərlər. Lisenziyanın alınması üçün müvafiq sənədlər tələb olunur ki, dini mərkəz və idarələr bunu xidmət mərkəzlərinə təqdim etməlidirlər. Dini təhsil müəssisəsinin yaradılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır.

  • Obyektlərdən hər biri üçün istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsaslar) təsdiq edən sənədin surəti; (Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarış və ya əmlakın istifadəsinə, yaxud icarəsinə dair notariusun hüzurunda bağlanılmış və notarius tərəfindən təsdiq edilmiş müqavilənin surəti);
  • Təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; (Məlumat ərizəçinin özü tərəfindən tərtib olunur) 
  • Təhsil müəssisəsinin maddi-texniki bazası (yerləşdiyi binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup, yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı, həkim otağı və izolyator, mətbəx, metodiki kabinet, sanitar qovşağı və s.) və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat (texniki təminat vasitələri, proqram, metodiki təminat, didaktik materiallarla təminat və s.); (Məlumat ərizəçinin özü tərəfindən tərtib olunur) 
  • Dini təhsil müəssisələri tərəfindən müvafiq fəaliyyətin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi (Bu sənəd  dini orta ixtisas təhsil müəssisələri və ali dini təhsil müəssisələri fəaliyyət növləri üzrə lisenziya verilərkən tələb olunur);
  • Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (lisenziya verilməsindən imtina edilmədiyi halda ərizəçi tərəfindən təqdim edilir).(lisenziya verilməsinə dair müvafiq qərar qəbul edildikdən və ərizəçiyə bu barədə məlumat verildikdən sonra ərizəçi müvafiq rüsumu ödəyir və rüsumun ödənildiyini təsdiq edən sənədi lisenziya blankını alarkən əməkdaşa təqdim edir).

Dini tədris müəssisəsinin yaradılması ilə bağlı dini mərkəz və idarə DQİDK-dən rəy almalıdırlar. Əgər rəyin nəticəsi müsbət olmazsa, o zaman müəssisənin yaradılmasına icazə verilmir. Azərbaycan Respublikasının ərazisində nəinki dini təhsil müəssisəsinin yaradılması ilə bağlı, digər sahələrdə də lisenziyanın alınmasında dövlət qurumlarının özbaşınalığı müşahidə olunur. Çox vaxt dövlət orqanları lisenziyanın verilməsindən imtina ilə bağlı rəy verirlər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunun 19.9-cu maddəsinə əsasən, İcazə verən orqan ərizə daxil olduğu gündən qanunda başqa qayda nəzərdə tutulmayıbsa təqdim edilən ərizə və sənədlərə baxılmasının nəticəsi ilə bağlı 7 iş günündən gec olmayaraq icazə verir və ya icazənin verilməməsi barəsində inzibati akt qəbul etməlidir.[2]

        Dini təhsil müəssisəsinin yaradılmasına verilən rəy müsbət olarsa ‘Dövlət rüsumu haqqındaQanunun 22.0.5.7 və 22.0.5.8-ci maddələrinə əsasən, dini orta ixtisas təhsili müəssisələri üçün 2000 manat;  ali dini təhsil müəssisələri üçün isə 13750 manat məbləğində dövlət rüsumu ödənilməlidir.[3]

 Dini təhsil müəssisələrinə lisenziyanın verilməsində başlıca şərt tələb edilən sənədlərdəki meyarlara uyğun gəlməsidir.

Dini təhsil almaq istəyən vətəndaş həm fərdi olaraq, həm də qrup şəklində dini təhsil ala bilər. Dini təhsil müəssisəsinin yaradılmasında məqsəd yalnızca din xadimlərinin  və dini ixtisaslar üzrə kadrların yaradılması ola bilər. Dini qurumlar dini kitabların öyrədilməsi məqsədilə kurslar, qruplar yarada bilər ki, bununla bağlı tabe olduğu mərkəzə məlumat verərək razılıq almalı və razılıq aldıqdan sonra isə DQİDK-ə məlumat verməlidir.[4]

        Dini tədris müəssisələri ilə dini mərkəz və ya idarələr arasında olan münasibətlər  təsis sənədləri əsasında müəyyən edilir. Dini tədris müəssisələrində təhsil alan tələbələr dövlət tədris müəssisələrində təhsil alan tələbələr üçün qanunla müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edə bilirlər ki, bu da dövlətin dini və dünyəvi təhsilə olan münasibətinin eyni olduğunu göstərir.

Bakı İslam Universiteti Azərbaycanda yeganə ali dini təhsil müəssisəsidir. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 20 ildən çoxdur ki, fəaliyyət göstərir.Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi BDU-nun İlahiyyat fakültəsi 1992-1993-cü tədris illərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuşdur. Hazırda fakültədə təhsil müddəti beş ildir. Fakültənin məzunlarına iki ixtisas – ilahiyyatçı-islamşünas və ərəb dili müəllimi ixtisası verilir.[5]

Vətəndaşların təhsil almaq məqsədilə xarici ölkə ərazisində yerləşən dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələrində çalışan müəllim, təhsil alan tələbələrin, eyni zamanda din xadimləri və mütəxəssislərin mübadiləsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

 

[1] “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin 5.6, 5.7-ci bəndlərinə baxın: http://www.e-qanun.az/framework/32626

[2] “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanun, m.19.9. Lisenziyanın verilmə müddəti ilə bağlı baxın: http://www.e-qanun.az/framework/32626

[3]Dövlət rüsumu haqqında” Qanun, m. 22.0.5.7 və 22.0.5.8.dövlət rüsumunun məbləği ilə bağlı  baxın: http://www.e-qanun.az/framework/2860

[4]Dini Etiqad Azadlığı haqqında” Qanun, m.6, dini təhsillə bağlı baxın:  http://www.e-qanun.az/framework/7649

[5] Dini təhsil müəssisələri ilə bağlı baxın: https://www.azerbaijans.com/content_506_az.html

2.3. Dini icma

 Müvafiq qanun dini icmanı, dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan  könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli qurumu kimi tərif edir. Başqa bir sözlə dini icma, vətəndaşların sabit bir qrup şəklində ibadətləri, ayinləri və dini inanclardan irəli gələn digər davranışları ortaq şəkildə icra etmələri üçün qurulan topluluqdur. Dini qurumlar arasında, say olaraq ən çox dini icmalar üstünlük təşkil edir. Dini icmalar eyni dinə əqidə sahiblərini bir araya toplayan qurumdur. Bunlar qeyri-rəsmi, publik səlahiyyətləri olmayan qurumlardır. İnanc növündən fərqli olmayaraq hansısa dinə ibadət edənlər dini icma şəklində birləşmələri mümkündür. Dini icma üzvləri mütləq formada Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Dini icma üzvlərinin sayı isə minimum olaraq 50 nəfərdən az olmamalıdır.

Azərbaycan Respublikasında təşkilati məsələlərdə islam dini icmaları Qafqaz Müsəlmanları

İdarəsinə (QMİ) tabedirlər, digər dini  icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ  vardır.

İslam dini icmaların məscidlərdə yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılmasına qanunvericilik icazə verir. Görüldüyü kimi əcnəbilərin dini icma təsis etmə hüququ yoxdur, amma icma üzvü ola bilərlər.

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərini “Dini Qurumların İşləri üzrə Dövlət Komitəsi”nə məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi təyin edilir. İslam dini icmaları məscidlərdə yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradıla bilər. Qanuna görə , Din xadimləri hər beş ildən bir müvafiq icra hakimiyyət orqanın tərəfindən müəyyən edilən qurumun nümayəndəsinin iştirakı ilə attestasiya edilir. İslam dini icmaları yalnız öz təmsil etdikləri dinə aid olan ibadət yerlərində və ziyarətgahlarda yaradıla bilər.

Ölkə ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmalarında  din xadimlərinin təyinat məsələsi dini icmanın tədqimatı ilə tabe olduqları dini mərkəz (idarə) “Dini Qurumların İşləri üzrə Dövlət Komitəsi”nin razılığı ilə həyata keçirilir. Əgər qeyri-islam dini icmasının tabe olduğu dini mərkəz və ya idarə ölkəmizdə yoxdursa, din xaidmlərinin təyinatı məsələsini  “Dini Qurumların İşləri üzrə Dövlət Komitəsi”nin razılığı ilə həyata keçirilir. Əgər din xadimi vaxtından əvvəl öz vəzifəsindən azad edilərsə, həmin vəzifəyə yeni bir din xadimi təyin olunadək həmin dini ibadət, ziyarətgah yerinin dini icması öz fəaliyyətini dayandırlmalıdır.

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə vaxtaşırı olaraq öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər. Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ – Qafqazda ən ali “İslam təsisatı”dır. 1823-1917-ci illər tarixində Tiflisdə yerləşmişdir. Hazırda mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində - Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən bəri Şeyxülislam Hacı Allahşükür Paşazadədir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qeydiyyatda olan İslam təşkilatlarının fəaliyyətinə nəzarət edir, habelə islam dini xadimləri hazırlayır və onları islam ibadətlərinə rəhbərlik etmək üçün təyin edir, dövri olaraq xütbələrə nəzarət edir və Məkkə şəhərinə Həcc ziyarəti təşkil edir. Müsəlman icmaları qeydiyyat ərizəsini DQİDK-nə təqdim etmədən öncə QMİ-dən razılıq məktubu almalıdır.  Belə ki, dini qurumun qeydiyyatdan keçirmək istədikdə ilk növbədə dini qurumun yerləşəcəyi ərazidə yerləşən icra hakimiyyət orqanından müvafiq arayış əldə etməlidir. Qanun tərəfindən nəzərdə tutulmayan bu “razılaşdırma”, dini qurumun “təhlükə” ərz etmdiyinin göstəricisidir. İcra hakimiyyətinin verdiyi bu arayış əsasında dini qurum qeydiyyatdan keçdikdən sonra həmin ərazidə sərbəst formada fəaliyyət göstərə bilər. Müvafiq arayış, ərizə nümunəsi, dövlət rüsumu, təsis sənədləri ilə birlikdə dini qurum QMİ-ə müraciət edir. QMİ müvafiq araşdırma apardıqdan sonra dini qurumun qeydiyyatı ilə bağlı problem olmazsa sənədlərin icra olunması üçün DQİDK-ə təqdim edir. DQİDK sənədləri qəbul edərək 15 gün ərzində dini qurumun qeydiyyatını həyata keçirir. Qeyd etmək lazımdır ki, dini qurum üçün ərizə nümunəsini DQİDK-nə müraciət etməklə əldə etmək mümkündür. Sənədlərin onlayn formada əlçatımlığı yoxdur.

III. Dini qurumların dövlət qeydiyyatına alınması

Bu bölmədə qeydiyyata alınma qaydalarını incələyəcəyik. İlk Növbədə müvafiq milli qanunvericilliyi ələ alaq.

3.1. Müvafiq qanunvericilik

Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli, 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 6-1.4-cü7.3-cü bəndlərinə əsasən, dini qurumların qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının həyata keçirilməsi, dini qurumların dövlət reyestrinin aparılması, dini qurumların dövlət qeydiyyatı haqqında məlumatların kütləvi informasiya vasitələrində dərc edilməsi, dini qurumların təşkilati işlərinin qanunauyğun qurulmasına köməklik göstərilməsini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ( DQİDK) həyata keçirir. 

Dini qurumların qeydiyyata alınarkən hüquqi baza kimi aşağıdakılar qanunlar çıxış edir:

  • “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi;[1]
  • “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 5-ci, 8-ci maddələri;[2]
  • “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20.3, 20.4-cü maddələri;
  • Azərbaycan Respublikası Prezidentininil 20 iyul 2001-ci tarixli, 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 6-1.4-cü7.3-cü bəndləri;[3]
  • Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2014-cü il 2 aprel tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “ Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”.[4]

Dini qurumların qeydiyyatı ödənişli əsaslarla həyata keçirilir. Belə ki. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü və 20.4-cü maddələrinə əsasən dövlət qeydiyyatı üçün – 11 manat, yenidən dövlət qeydiyyatı üçün – 5 manat 50 qəpik dövlət rüsumu ödənilir.[5]

 

[1]“Dini etiqad azadlığı haqqında” AR qanunu m.12. baxın: http://www.e-qanun.az/framework/7649

[2] “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu, m.4,5,8. Baxın: http://www.e-qanun.az/framework/5403

[3]Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə, m.6-1.4 . 7.3. baxın: http://www.e-qanun.az/framework/4392

[4]Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament http://www.e-qanun.az/framework/27557

[5]“Dini Etiqad Azadlığı haqqında” AR Qanun m. 20.3, 20.4. baxın:  http://www.e-qanun.az/framework/2860

3.2. Tələb olunan sənədlər

Dini icmanın dövlət qeydiyyatına alınması üçün dini mərkəz tərəfindən onun təqdimatı ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

  • dini icmanın dövlət qeydiyyatına alınması üçün azı 50 nəfər təsisçi tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə (ərizə forması reqlamentə əlavə olunur); [1]
  • dini icmanın təsisçiləri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə;
  • dini icmanın təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (təsis protokolu);
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd (rüsum DQİDK adına ödənilir); [2]
  • dini icmanın hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;
  • dini icmanın təsisçilərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;
  • dini təlimin əsasları, o cümlədən, həmin dinin və icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar (Ərizəyə 1 №-li əlavə).

Dini mərkəzlərin, dini idarələrin və dini-təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması üçün isə, daha fərqli sənədlər təqdim olunmalıdır. Bunlar aşağıdakılardır:

  • dini qurumun dövlət qeydiyyatına alınması üçün təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə (reqlamentə əlavə olunur);
  • dini icmanın təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (təsis protokolu);
  • dini qurumun təsisçiləri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə;
  • dini qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

Dini qurumlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçərək dövlət reyestrinə alındıqdan sonra hüquq qabiliyyətinə malik olur. Dini qurumların hüquq qabiliyyətini mülki qanunvericiliyə müvafiq surətdə müəyyən edən təsis sənədləri, nizamnaməsi olur. Dini qurumun nizamnaməsi bir qrup dindar şəxslərin ümumi yığıncağında və ya dini qurultaylarda, konfranslarda müzakirə olunduqdan sonra qəbul olunmalıdır. Dini qurum yalnız qeydiyyata alındıqdan sonra fəaliyyətinə icazə verilir. Qeydiyyata alınmamış dini qurumun fəaliyyəti qanunla qadağan edilmişdir.

 

 

[1] “Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati retqlament”. Ərizə ilə bağlı nümunəyə baxın: http://www.e-qanun.az/framework/27557

[2] Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati retqlament”.  m.2.1,  dövlət rüsumu ilə bağlı rekvizitlərə baxın:   http://www.e-qanun.az/framework/2860

 

3.3. Nizamnamədə göstərilməli olan hallar

DEAHQ-un 11-ci maddəsinə əsasən, dini qurumun nizamnaməsində aşağıdakılar göstərilməlidir:[1]

  • dini qurumun adı, hüquqi ünvanı, növü və hansı dinə aid olması;
  • dini qurumun məqsədi və vəzifələri, habelə fəaliyyətinin əsas formaları;
  • dini qurumun strukturu, idarə olunması qaydası, idarəetmə orqanları və onların təşkili qaydası, habelə həmin orqanların səlahiyyətləri;
  • dini qurumun təsisçiliyinə qəbulun və ondan çıxmanın şərtləri və qaydası;
  • dini qurumun əmlakının formalaşdırılması mənbələri;
  • nizamnamənin qəbulu, onda dəyişiklik edilməsi qaydası;
  • dini qurumun ləğvi qaydası və ləğv edildiyi halda əmlakından istifadə qaydası.

Dini qurumun adı müəyyən edilən zaman onun hansı dinə mənsub olması, fəaliyyətinin xarakteri və təşkilati-hüquqi forması mütləq şəkildə göstərilməlidir. Ad müəyyən edilərkən Azərbaycan Respublikasının dövlət orqanlarının adından və Azərbaycanın görkəmli şəxsiyyətlərinin adından istifadə edilməsi qanunla qadağan edilmişdir. Digər qeydiyyatla bağlı müəyyən edilməli bir məsələ hüquqi ünvan məsələsidir. Dini mərkəz, idarələr istisna olmaqla digər dini qurumlar qeydiyyatdan keçərkən ünvanı elə seçməlidirlər ki, onların fəaliyyəti zamanı problem çıxmasın. Çünki dini qurum qeydiyyatdan keçdiyi ünvanın hüdudlarından kənarda fəaliyyət göstərə bilməz. Dini mərkəz və idarələrin isə ölkə hüdudlarında fəaliyyət ərazisi məhdudlaşmadığına görə sərbəst formada öz fəaliyyətlərini həyata keçirə bilərlər. Əgər dini qurum öz ünvanını dəyişdirmək qərarına gələrsə  bununla bağlı 7 ( yeddi ) gün ərzində tabe olduğu dini mərkəz və idarəyə yazılı formada məlumat verməlidir.  Dini mərkəz və idarə də öz növbəsində dini qurumun ünvan dəyişikliyi ilə bağlı məlumatı 10 (on)  gün müddətində “Dini Qurumların İşləri üzrə Dövlət Komitəsin”ə məlumat verməlidir. Bu qayda dini mərkəz və idarənin öz hüquqi ünvanını dəyişdiyi hala da şamil edilir, yəni 10 (on ) gün müddətində dəyişikliklərlə bağlı məlumat verməlidir.

Dini qurumun nizamnaməsində həmin dini qurumun fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar digər məsələlər də əhatə oluna bilər. Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydə alınmalı deyildir. Dini qurum dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs hesab olunur. Dini qurumun nizamnaməsi öz dini mərkəzinin (idarəsinin) nizamnaməsinə uyğun olmalıdır.

Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında (DQİDK) dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.

 

[1] “Dini Etiqad Azadlığı haqqında” Qanun, m.11. Nizamnaməylə bağlı məlumatlara baxın: http://www.e-qanun.az/framework/7649

3.4. Müraciətdə təqdim olunmalı olan sənədlər

        Təsis protokolu, nizamnamə və ərizə: Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı 50 (əlli nəfər) yetkinlik yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı  və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolunizamnaməsi  əlavə olunmuş  notarial qaydada təsdiq olunmuş ərizə[1] ilə DQİDK-nə deyil, dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir.  Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinə icra edilməsi üçün göndərilir.

 

[1]Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati retqlament”. Ərziə nümunəsi ilə bağlı baxın: http://www.e-qanun.az/framework/27557

3.5. Müddət məsələləri

DEAQ-ın 12-ci maddəsinə görə, dini qurumun dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər məsul şöbə tərəfindən  30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır.[1] Əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.

Dini mərkəzin, dini idarələrin, dini təhsil müəssisələrinin, dövlət qeydiyyatına alınması üçün  lazım sənədlər də bənzərlik təşkil edir. Lakin bu qurumlar özləri birbaşa DQİDK-nə müraciət etməlidir.

Əgər sənədlərdə çatışmazlıq varsa: təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (DQİDK)  həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə 20 gün müddət təyin edir. İmtinaya səbəb olan hallar olmadıqda sənədlərdə olan nöqsanların aradan qaldırılması ilə bağlı dini qurum məlumatlandırılmalıdır.

Sənədlər yoxlanıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (DQİDK)  tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.

        Əgər həmin müddət ərzində dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir.

Əgər dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduğu təqdirdə, bu barədə 20 gün müddətində dini mərkəz və idarələrin vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına (DQİDK) məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir.

 

[1] Müddət, qeydiyyatla bağlı baxın, m.12. http://www.e-qanun.az/framework/7649

3.6. Dövlət qeydiyyatına alınmasından imtina

DEAHQ 12-ci maddəsinə görə, dini qurumların qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilə bilər:[1]

  • dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda;
  • yaradılan qurum dini qurum qismində tanınmadıqda;
  • təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda.

Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma məlumat verilərkən imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə yazılı formada imtinaya dair məlumat verilir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilə bilməz.

Ərizəçi dövlət qeydiyyatına alınmasına dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır, yəni inzibati şikayətdə şikayət verilən inzibati orqanın adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasını adı, yaşayış yeri və ya olduğu yer, hüquqi şəxsdirsə adı və hüquqi ünvanı, inzibati icraatda prosessual vəziyəti; şikayət verilən inzibati akt və ya hərəkətsizlik; şikayət verən şəxsin tələbi və tələbinin əsasları; şikayətin tərtib edildiyi tarix; şikayət verən şəxsin imzası. Şikayət ərizəsi verilən tələblərə cavab vermədikdə inzibati orqan onun aradan qaldırılması üçün əlavə vaxt müəyyən edir. Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə, şikayət daxil olduğu tarixdən 1 ay müddətində inzibati şikayətə baxmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.[2]

 

[1]Dini Etiqad Azadlığı haqqında” AR Qanun. m.12.  qeydiyyatdan imtina ilə bağlı baxın: http://www.e-qanun.az/framework/7649

[2]”İnzibati İcraat Haqqında” Qanun, m.74,78. İnzibati şikayətlə bağlı baxın: http://www.e-qanun.az/framework/11254

IV. Dini qurumun ləğv edilməsi

Qanunvericilik dini qurumların qeydiyyatı ilə bərabər onların ləğv edilməsinin əsaslarını və prosedurunu də tənzimləyib. Qeyd edək ki, dini qurumların ləğvi həm də onların mövcudluğuna və fəaliyyətinə nəzarət etmənin bir vasitəsidir. Bunların ləğvini qanunvericilik bu hallarda nəzərdə tutur:[1]

  • təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanın qərarı ilə;
  • müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə.

Dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər:

  • dini qurum tərəfindən onunyaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi;
  • dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi;
  • ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması;
  • 3-1) dini ekstremist fəaliyyətlə məşğul olma;
  • terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi;
  • dünyəvi təhsil alınmasına mane olma;
  • dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə;
  • zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma;
  • şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə;
  • dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinəəməl olunmaması.

Dini mərkəz və idarələr dini icmaların ləğv edilməsinə səbəb olacaq  məlumatlara malik olduqda, həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırmalıdırlar. Əgər dini qurum ekstremist fəaliyyətlə məşğul olarsa onun fəaliyyətinə qadağa tətbiq edilirək fəaliyyəti məhdudlaşdırılıq. Dini qurum ləğvi edilərkən əsas məsələlərdən biri olan əmlak məsələsi mütləq formada həll edilməlidir. DEAHQ-nun 12-1-ci maddəsinə əsasən, əgər dini qurumun balansında əmlak varsa, əmlakla bağlı müvafiq sənədlər və məlumatlar  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”  Qanuna uyğun olaraq həll edilməsi üçün “Dini Qurumların İşlər üzrə Dövlət Komitəsi”nə təqdim olunmalıdır.

 

 

[1]Dini Etiqad Azadlığı haqqında” Qanun, m.12-1. Dini qurumun ləğvi ilə bağlı baxın: http://www.e-qanun.az/framework/7649

V. NƏTİCƏ

Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Azərbaycan Respublikası Konstirusiyasında müəyyən edilmişdir. Lakin dini ayinləri birlikdə yerinə yetirmək üçün yetkinlik yaşına çatmış şəxslər qrup şəklində birləşərək mütləq dövlət qeydiyyatına alınmalıdırlar. Qrup halında dini ayinlərin, ibadətlərin yerinə yetirilməsinə yalnız Dini Qurumların İşləri üzrə Dövlər Komitəsi tərəfindən  qeydiyyata alınmış dini qurumlara icazə verilir. Dini icmaların qeydiyyatı üçün başlıca şərt, 50 nəfər yetkinlik yaşına çatmış şəxsin notariat qaydasında yazılı razılığıdır.  Fikrimcə, dini icmaların qeydiyyatı zamanı 50 nəfərlik say məhdudiyyətinin olması dini qurumun yaradılması üçün başlıca maneələrdən biridir. Bundan əlavə olaraq  dini qurumların yenidən qeydiyyatı zamanı süni olaraq yaradılan maneələr də ictimaiyyətin nəzərində olmuşdur. 15, 20 nəfər yetkinlik yaşına çatmış şəxsin qrup halında dövlət qeydiyyatına alınmadan ibadət edə bilməməsi konstitusion və konvensional azadlığının  pozulmasının təcəssümüdür.

DQİDK tərəfindən verilən son statistik məlumatlara əsasən, Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 969 dini icma fəaliyyət göstərir. Konfessional baxımdan onların 932-si İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. 2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 11 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alıınmışdır. Ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.[1]

 DQİDK-nin 2011-ci üzrə açıqladığı statistik məlumata əsasən, ölkə əhalisinin 96 faizi müsəlmandır. Onların isə 65 faizi şiə, 35 faizi isə sünnidir. Əhalinin qalan 4 faizini rus-provoslav, gürcü-provoslav, erməni-apostol kilsələri, yeddinci gün adventistləri, molokanlar, roma katolikləri, digər xristianlar, yəhudilər, bəhailər və heç bir dini inancı olmayan şəxslər təşkil edir. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə bir çox dini icmalar yaranmışdır: pentikostçu və digər evangeliya xristianları, Yehovanın şahidləri və Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin (BKŞC) üzvləri. Xristianlar əsasən Bakıda və digər şəhər ərazilərində yaşayır. Hazırda Bakıda təxminən 15 000-20 000 yəhudi yaşayır. Ölkə ərazisində kiçik yəhudi icmalarına rast gəlmək mümkündür.[2]

 

[1]DQİDK-nin son statistik məlumatları ilə bağlı baxın: http://www.dqdk.gov.az/az/view/pages/306?menu_id=83

[2] ABŞ Səfirliyinin 2016-ci ilə olan beynəlxalq hesabatı https://az.usembassy.gov/az/2016-ci-ild%C9%99-dini-azadligin-v%C9%99ziyy%C9%99tin%C9%99-dair-beyn%C9%99lxalq-hesabat/