Azərbaycanda dini təhsil: dini mətnlər və ibadətləri necə öyrətməli?

müəlliflər: Səxavət Yusifov və Nail Məmmədzadə

1. Giriş

İstər dünyəvi, istərsə də dini dövlətlərdə, dini təhsil məsələsi din azadlığı daxilində vaciblik kəsb edən bir məsələdir.[1] Bir çox ölkələrdə dini təhsilin verilməsi hələdə problemli  məsələ olaraq qalır. Dini təhsilin kimlər tərəfindən, hansı məzmunda və hansı şəraitdə verilməsi məsələsi yalnız təməl insan hüquqlarından biri deyil həm də eyni zamanda sülhün və ictimai qaydanın qorunması və dayanıqlı inkişafının təmin edilməsi üçün zəruri şərtlərdən birdir.

Bu yazımızda Azərbaycan Respublikasında dini təhsilin təşkili və həyata keçirilmə qaydaları əks etdirilmiş, bu sahədə mövcud qanunvericilik araşdırılaraq dini təhsillə kimlərin məşğul ola biləcəyi, dini təhsil müəssisələrinin qeydiyyat qaydaları, dini təhsilə nələrin aid olduğu və son olaraq dini təbliğatla dini təhsilin əlaqəsi göstərilmişdir.

 

[1] Elçin Həsənli, Dini təhsilin sosial-fəlsəfi mahiyyəti və cəmiyyətin inkişafında rolu, 2018, http://www.scwra.gov.az/az/view/articles/341/dini-tehsilin-sosial-felsefi-mahiyyeti-ve-cemiyyetin-inkishafinda-rolu

2. Dini təhsil anlayışı

Bu məqalə daxilində dini təhsil anlayışını nə mənada işlətdiyimizə də toxunmalıyıq. Məsələn 2 aylıq Quran oxuma kursları dini təhsil sayılırmı, yoxsa dini təhsil din adamlarını (ilahiyyatçıları) yetişdirmək üçün təşkil olunan təhsili mi ifadə edir? 

Bu yazımızda dini təhsili geniş mənada; yəni dinə aid bilikləri hər hansı formada və şəraitdə öyrədilməsini nəzərdə tuturuq. Bundan sonra qanunvericiliyin bunları necə tənzimlədiyinə, yaxud tənzimləməyibsə bunun yaratdığı hüquqi nəticələri təhlil edəcəyik.

2021-ci ildə aparılan dəyişiklərdən əvvəl “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun (DEAQ) 10-cu  maddəsində təsbit olunmuşdur ki,  dini təhsil müəssisəsini yalnız dini mərkəz və idarələr yarada bilər. Dini təhsil müəssisəsinin yaradılması isə din xadimləri və  dini ixtisaslar üzrə digər kadrların hazırlanması üçündür. 2021-ci ildə edilən dəyişikliklər nəticəsində qanunun 10-cu  maddəsi qüvvədən düşmüş, həmin maddədə göstərilən məsələlərə bəzi əlavələr edilərək 6-cı maddəyə əlavə edilmişdir. Qanunun  yeni redaksiyasının 6.3-cü maddəsinə əsasən “Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)  razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər.”

Məlumat üçün bildirik ki, qanunun əvvəlki redaksiyasındakı 10-cu, yeni redaksiyasında isə 6-cı maddəsində dini tədris müəssisəsinin fəaliyyəti üçün  müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılığın (lisenziya) tələb olunduğu göstərilmişdir. Qanunun yeni redaksiasının 6.5-cı maddəsində lisenziya tələbi aşağıdakı kimi göstərilmişdir:

“ Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər”.

Qanunda olan məhdudiyyətlərin radikal dini qruplaşmaların gələcəkdə dövlət üçün yarada biləcəyi problemlərin aradan  qalxmasına hesablandığını başa düşmək mümkündür.[1] Çünki Azərbaycan Respublikasında dövlət dindən ayrıdır. [2] Bu o demək deyil ki, dövlət dini tam nəzarətsiz buraxmışdır.

 

[1] Mubariz Qurbanlı, Azərbaycanda dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir, Trend İnformasiya Agentliyi, 13.06.2015, https://az.trend.az/azerbaijan/society/2416411.html

[2] AR Konstitusiyasının 18-ci maddəsinin I hissəsi

3. Kimlər dini təhsillə məşğul ola bilərlər?

Məsələni daha aydın görmək üçün hər tərəfli yanaşmaq mütləqdir. Çünki obyektiv mülahizə irəli sürmək üçün baxış bucağımızı daha da böyütmək zəruridir. Bir  neçə sual qoyub və  o sualların ətrafında irəliləməyimiz yazının oxunmasını daha maraqlı və informativ edəcəkdir.

Dini təhsilin iki tərəfi var; təhsil verənlər və təhsil alanlar. Belə olduqda, dini təhsili kimlər verə bilər? Digər sual ondan ibarətdir ki, dini təhsili Azərbaycanda kimlər ala bilər? İstənilən adam Azərbaycanda dini təhsil ala bilərmi? Dini təhsil almaqda məhdudiyyətlər varmı?

         Məsələyə ilk növbədə hüquqi müstəvidə baxacağıq və qanunvericiliyin normalarını təhlil edəcəyik.

Kimlər dini təhsil verə bilərlər sualın cavabı belədir ki, hər kəs dini təhsil verə bilməz. Quran və fiqhi çox yaxşı bilən, sünnə kitablarına istinad edən hər kəs dini öyrədə bilməyəcəkdir. Qanunvericilikdə bununla bağlı məhdudiyyətlər gətirilib, 2021-ci ildə aparılan son dəyişikliklə bu məhdudiyyətlər gücləndirilib.

Belə ki dəyişiklikdən əvvəl tənzimləmədə əsas məhdudiyyət vətəndaşlıqla bağlı idi. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dini təhsillə məşqul ola bilməzdilər.[1] Dəyişiklikdən sonra isə, dini təhsil verə biləcək şəxslər DQİDK-nə məlumat verməklə dini mərkəzlər tərəfindən təyin olunan din xadimləri dini təhsil verə bilərlər. Din xadimlərinin dini ali ya da dini orta ixtisas təhsili olmalıdır.[2]

Bununla belə qanunun 6.2-ci maddəsində göstərildiyi kimi, vətəndaşlar fərdi qaydada ya da başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Bu deməkdir ki, əslində vətəndaşlar bir araya gəlməklə dini bir yerdə öyrənə bilər; belə halda da onlar bir-birinə dini öyrədə bilərlər. Məsələn bir icma üzvləri, qeydiyyat üzrə ibadət yerlərində toplaşmaqla, ali və orta dini təhsili olmasa bilə yan şəxslər də, dini öyrədə bilərlər.

Kimlər dini təhsil ala bilərlər sualına gəldikdə isə, “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişyiliklər edilməzdən əvvəl 6-cı maddənin  3-cü hissəsində bildirilirdi ki, Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər.

Dəyişiklik edilərək qanunun yuxarıda göstərilən hissəsi çıxarılmış,  “Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər” formasında 6.2-ci maddəyə əlavə edilmişdir. Göründüyü kimi, qanuna edilən yeni dəyişikliklərdə vətəndaşların istədikləri dildə dini təhsil almaq hüquqları nəzərdə tutulmamışdır.   

Qanunun 6-cı maddəsi dini təhsil hüququnu “vətəndaş”larla məhdudlaşdırır. Bu müddəa həm Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) və Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) müvafiq olaraq 18 (1) və 9 (1)-ci maddələri ilə müəyyən edilən hər kəsin din azadlığı hüququnu, həm də “heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz” müddəasını açıq nəzərdə tutan AİHK-nin 1 saylı Protokolunun 2-ci maddəsini pozur. AİHK-nin 9-cu maddəsi və MSHBP-nin 18-ci maddəsi vətəndaşlıq əsası ilə din azadlığına ümumi məhdudiyyətə icazə vermir. Bu səbəbdən, qeyd edilən normadakı “vətəndaşlar” ifadəsi “hər kəs” ifadəsi ilə əvəz edilməlidir.[3]

 “Dini etiqad azadlığı haqqında” Azərrbaycan Respublikası Qanunun tətbiqi vəziyyətini və bu sahədə olan normativ hüquqi sənədlərin verdiyi imkanları müsbət dəyərləndirsək də hələ də görüləcək işlərin çox olduğunu qeyd etmək lazımdır. Görüləcək işlərin vaxtında görülməməsi gələcək tərəqqiyə də maneə olur.

Burada əsas  yük artıq media strukturlarının üzərinə düşür. Çünki hal-hazırdakı durumda vətəndaşlar arasında sorğu keçirsək sərbəst dini təhsilin qanunsuz olduğu cavablarını alarıq. Media qanunvericiliyin vətəndaşlara verdiyi bu imkanları qabartmalı və məsələyə daha çox diqqət çəkməlidir. Bir növ maarifləndirmə maşını rolunu oynamalıdır.

 

[1] Xaricdə dini təhsil alanlara qadağa qoyulur, Femida.az Xəbər saytı, 04.12.2015, http://femida.az/az/news/13269/Xaricd%C9%99-dini-t%C9%99hsil-alanlara-qada%C4%9Fa-qoyulur

[2] Baxın: DEAQ, m.4-1.2.

[3] Venesiya Komissiyasının AR-nın “Dini etiqad azadlığı haqqında” qanununa rəyi,61-ci hissə

4. Dini təhsil müəssisələri və onların qeydiyyat qaydaları

DEAQ 12-ci maddəsinin birinci hissəsinə əsasən bütün islam dini qurumları Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində (bundan sonra DQİDK) qeydiyyata alındıqdan və  dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar dövlət qeydiyyatına alındıqları andan hüquqi şəxs hesab edilirlər, yəni hüquq qabiliyyəti əldə edərək,  hüquqlara malik olur və vəzifələr daşıyırlar. Dini qurumların qeydiyyata alınması qaydaları DEAQ 12-ci maddəsində təsbit olunmuşdur. Dini təhsil müəssisələri də dini qurumlar hesab edildiyi üçün onların qeydiyyat qaydaları da bu maddədə göstərilən qaydada həyata keçirilir. Həm də Qanunun 6.5-ci maddəsinə əsasən, ali və orta dini ixtisas təhsil qurumları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər.

 2021-ci ildə aparılan dəyişiklərdən əvvəl, “Dini etiqad azadlığı haqqında” qanunun 6-cı maddəsinin 5-ci hissəsində göstərilən dini qurumlar tərəfindən yaradılan  gənclərin və yetişkinlərin müqəddəs kitabları öyrənmə kursları (qrupları) hüquqi şəxs hesab edilmədiyi üçün onların qeydiyyata alınması qaydası da müəyyən olunmamışdı. Həmin kurslar dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılırdı.

2021-ci ildə aparılan dəyişiklərdən sonra əlavə edilən 6.4.-cü maddəyə əsasən Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq  tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

Yuxarıda göstərilən müddəadan aydın olur ki, dəyişikliklərdən əvvəl olduğu kimi, yenə də dini kursların qeydiyyata alınmasının xüsusi qaydası nəzərədə tutulmamışdır.

Dini təhsil müəssisələrinin qeydiyyata alınması üçün aşağıdakı sənədlər tələb olunur: [1]

-dini qurumun dövlət qeydiyyatına alınması üçün təsisçi(lər) və ya onun (onların) vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə;

- dini qurumun təsisçiləri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə;

- dini qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd. Dövlət rüsumunun məbləği 11 manat təşkil edir. [2]

DQİDK-in məsul şöbəsi təqdim edilən sənədlərə 30 gün müddətində  baxaraq dini qurumun dövlət qeydiyyatına alınması barədə qərar qəbul edir. Qeydiyyata alınmış dövlət qurumunun qeydiyyat üçün tələb olunan sənədlərində və ya məlumatlarında hansısa dəyişiklik baş verdikdə bu barədə 20 gün müddətində dini mərkəz və idarələrin vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir. [3]

Dini etiqad azadlığı haqqında qanunun 12-ci maddəsində dini qurumun qeydiyyata alınmasından imtina edilməsinin aşağıdakı əsasları  göstərilmişdir:

  1. Dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda;
  2. Yaradılan qurum dini qurum qismində tanınmadıqda;
  3. Təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda.

Bu hallardan başqa dini etiqad azadlığı haqqında qanunun 1-ci maddəsinin 3-cü hissəsində göstərilən dini etiqadın məhdudlaşdırılması üçün legitim sayılan səbəblər də qeydiyyatdan imtina üçün əsas sayıla bilər.

Dövlət qeydiyyatına alınmaqdan imtina edildikdə, bu barədə müraciət edən dini quruma imtinanın səbəbləri barədə qanunvericiliklə əsaslandırılmış məlumat verilməlidir.[4] Bu imtinadan inzibati və ya məhkəmə qaydasında şikayət vermək mümkündür. [5]

 

[1] Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalı / https://www.dxr.az/xidmet/83F50B6B-3E62-4EA9-9C56-64190A9E9D41

[2] Dövlət rüsumu haqqında AR Qanunun 20.3-cü maddəsi

[3] Dini etiqad azadlığı haqqında AR qanununun 12-ci maddəsi

[4] Dini etiqad azadlığı haqqında AR qanunun 12-ci maddəsi

[5] Hüquqi şəxslər haqqında AR qanununun 11.5-ci maddəsi

5. Dini təbliğat və dini təhsil

Dini təhsil başlıca olaraq, dini-konfessional və qeyri-konfessional olmaqla iki yerə ayrılır[1].

Qeyri-konfessional dini təhsildə dünya dinləri haqqında obyektiv, sistematik informasiyaların verilməsi nəzərdə tutulur. Bu formalı dini təhsildə müəyyən dinin həqiqət olduğu və insanlara qəbul etdirilməsi qarşıya məqsəd kimi qoyulmur. Ədəbiyyatlarda dini təhsilin bu formasının müxtəlif  məqsədləri göstərilir.[2] Bu məqsədlər sırasına, əsasən, şəxslərə humanist dəyərlər qazandırmaq, onlarda dini dözümlülük yaratmaq və kulturoloji biliklər aşılamaq aid edilir.[3]

Konfessional  təhsildə isə ancaq bir dinə aid məlumatlar tədris olunur və həmin dinin haqq dini olduğu öyrədilir. Bu formalı dini təhsil adətən həmin dinə inanan şəxslər tərəfindən tədris olunur.[4] Azərbaycanda dini təhsilin bu formasına dini kurslarda yəni, quran kurslarında şahid ola bilərik. Konfessional dini təhsildə əsas məqsəd tədris edilən dinin təbliğ edilməsidir. Göründüyü kimi dini təhsilin təbliğat funksiyası da mövcuddur. Dini təhsilə dini təbliğat prizmasından yanaşdıqda onun bəzi hallarda qadağan edilə və ya məhdudlaşdırıla biləcəyi ehtimalı ortaya çıxır. Qanunvericiliklə dini təbliğata icazə verilsə də, bunun həddləri müəyyən olunmuş və onun hansı halllarda qadağan edildiyi öz əksini tapmışdır. Bu halların dairəsini müəyyənləşirmək üçün qanunvericiliyə nəzər salaq.

Azərbaycan Respublikasının Konstitusiyasının “Din və Dövlət” adlanan 18-ci maddəsinin birinci hissəsində dinin dövlətdən ayrı olduğu qeyd edilir. Həmin maddənin II hissəsində isə qeyd edilir ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanlar)  yayılması və təbliğatı qadağandır. “Dini etiqad azadlığı haqqında” qanunda dini təbliğata qoyulan qadağaların dairəsi daha da konkretləşdirilmiş, eyni zamanda dini etiqadın hansı hallarda məhdudlaşdırıla biləcəyi təsbit olunmuşdur. Adı çəkilən qanunun 1-ci maddəsinin üçüncü hissəsində göstərilir ki, dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Həmin maddənin dördüncü hissəsində isə  kimlər tərəfindən aparılan dini təbliğatın qadağan olması məsələsi öz əksini tapmışdır. Müvafiq maddəyə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Bu şəxslər tərəfindən dini təbliğatın aparılması Cinayət Məcəlləsinin 168-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. [5]

Həmçinin DEAQ 1-ci maddəsinin 7-ci hissəsinə görə, dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağan edilib. Deməli dini təhsil sırasında adı çəkilən qadağalara riayyət olunmaqla, dini təbliğatın da aparılması mümkün sayılır.

 

[1] Asəf Qənbərov, Dünyəvilik - din təhsili verməyə maneə təşkil etmir, https://sitat.news/dunyevilik-din-tehsili-vermeye-manee-teskil-etmir

[2] Simran Həsənov , "Din təhsili və dini təhsil müəssisələri (hüquqi aspektlər)"  Bakı: Elm və təhsil, 13-15, 2016

[3] Şükrü Keyifli,  (2013). “Eğitim ve Din Eğitimi”, Çukurova Üniversitesi İlahiyat Fakültesi Dergisi 13 (2)

[4] Yuxarıda istinad 9

[5] Cinayət Məcəlləsi, maddə 168-1.2. Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması - bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Dini təhsilə nələr aiddir ?

Hal-hazırda dini təhsilin qeyri-konfessional formasına ümumi orta təhsil müəssisələrində tədris olunan “Həyat bilgisi” fənnində[1], ali təhsil müəssisələrində isə “Multikultualizm” fənnində rast gəlinir.[2] Hər iki fənndə də müxtəlif dinlər haqqında ümumi məlumat verilir və bu məlumatlar sadəcə informativ xarakter daşıyır.

         Azərbaycanda konfessional dini təhsilə müqəddəs kitabları öyrənmə kurslarını aid etmək olar. Hərçənd müqəddəs kitabları öyrənmə kursları nə ali, nə də orta dini təhsil sayılır, və bu kursları bitirən şəxslər də “din xadimi” sayımayacaqdır. DQİDK haqqında Əsasnamənin 7.13-cü bəndinə əsasən, belə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi Komitənin vəzifələrindən biridir. Bu kursların fəaliyəti Komitə tərəfindən qəbul edilmiş qaydalar əsasında tənzimlənir.

         Kursların tədris proqramı barədə Komitəyə məlumat verilməlidir. Kurslarda yalnız müqəddəs kitablar (Qurani-Kərim, İncil, Tövrat və s.) öyrənilir. Kursun ümumi müddəti bir ildən, gündəlik təlimlər isə iki saatdan artıq olmamalıdır. Kurslardan keçirilən dərslər təhsil alanların dünyəvi təhsillərinə mane olmayacaq şəkildə keçirilməlidir. İslam təmayüllü dini icmalar tərəfindən təşkil olunmuş kurslarda tədris Azərbaycan Respublikasında təhsil alan ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı tərəfindən, qeyri-islam təmayüllü dini icmalar tərəfindən təşkil olunmuş kurslarda isə tədris Azərbaycan Respublikasında və ya xaricdə təhsil almış ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı tərəfindən aparılır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Kurslarda tədris prosesini həyata keçirməsinə icazə verilmir. Qurani-Kərimin öyrənilməsi kursları yalnız azərbaycan dilində keçilməlidir. Kursları başa vuran şəxslərə kursu bitirməsi haqqında müvafiq sənəd (şəhadətnamə, vəsiqə və s.) verilir.[3]

         2019-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov öz müsahibəsində bildirmişdir ki, 2018-ci il ərzində paytaxt Bakı da daxil olmaqla, respublikanın 28 bölgəsində 100 Quran kursu açılıb və artıq fəaliyyət göstərirlər.[4]

 Azarbaycanda din təhsili verən digər təhsil müəssisələri QMİ-nin nəzdində fəaliyyət göstərən İslam kollecləridir. QMİ nəzdindəki Şəki İslam kolleci 1997-ci ildə təsis edilmişdir. Şəki İslam Kollecində Qurani-Kərim hafizlərinin yetişdirilməsi istiqamətində dini təhsil həyata keçirilir. 2002-ci ildə Zaqatala rayonunda QMİ-nin tabeliyində Əliabad İslam Kolleci dini təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Əliabad İslam Kollecində tədris müddəti üç ildir. Kollecdə 9-cu sinfi bitirən və orta məktəbə davam edən şagirdlər daxil olur. Əliabad İslam Kollecində təhsilin əsas məqsadi din xadimliyi üçün kadrların hazırlanmasıdır. Kollecin tədris proqramı QMİ tarafindən müəyyənləşdirilir. Tərdis proqramı Qurani-Kərim, İslam dininin əsasları, Ərəb dili və digər fənlərin tədrisindən ibarətdir.[5]

QMİ-nin nəzdində fəaliyyət göstərən digər dini təhsil müəssisəsi isə Bakıda yerləşən "Şəbnəm" Qızlar İslam Kollecidir. Kollecə orta məktəbin 9-cu sinfini bitirib şahadətnamə alan və 11-ci sinfi bitirib attestat alan hər bir məzun gəlib təhsil ala bilər. Qəbul kollecin özündə təşkil edilən imtahan vasitəsilə həyata keçirilir. Burada gənc qızlara "Qurani-Kərim", ərəb dili dərsləri, Azərbaycan dili, tarix, coğrafiya fənləri tədris olunur. İslam dininin əsasları, əqidə, hədis, təfsir kimi dərslər keçirilir. Tələbələr sadəcə bilik almaqla kifayətlənmir, onlara həm də evdarlıq öyrədilir, müxtəlif əl işləri bacarığı aşılanır. Hətta məktəbin sertifikatlı kompüter kursları da var və kursu bitirib sertifikat alan qızlar bu sahədə iş tapmaq imkanına da sahib olurlar. Kollecdə təhsil müddəti iki ildir. Amma hafizlik təhsili alan qızlar üç il də burada qala bilərlər.təhsil müddəti iki ildir. Kollecdə təhsil ödənişsizdir. Qafqaz Müsəlmanları İdarəsinin, bir qisim xeyriyyəçi insanların maliyyə yardımı ilə fəaliyyət göstərir. Kollecin özəlliklərindən biri də burada görmə qabiliyyəti zəif olan qızlara təhsil verilməsidir. Belə tələbələr üçün Brayl əlifbası ilə olan Quran kitabları Türkiyədən göndərilir və xüsusi olaraq hazırlanır[6].

. DQİDK-nin rəsmi statistikasına əsasən qeydiyyatdan keçmiş kolleclərin sayı 11-dir.[7]  Kolleclərdə təhsil iki ildən dörd ilə qədər davam edə bilir.

         Dini təhsil təhsil müəssiələrdən  başqa dini tədris məscidlərdə də həyata keçirilməkdədir. Məscidlərdə əsasən quran dərsləri tədris olunur.

         Məqaləmizdəki məlumatları daha dəqiq və dolğun təqdim etmək məqsədilə Bakı şəhərində yerləşən Dağ yəhudiləri sinaqoqunun ravvinindən müsahibə götürdük. O bildirdi ki, Azərbaycanda yəhudi dininə aid əsas dini təhsil müəssisəsi Quba rayonundakı Qırmızı qəsəbədə yerləşir. Bu təhsil müəssisəsində Tövrat, dini normalar,  yəhudi adət-ənənələri və s öyrədilir. Dərslər həm azərbaycanlı, həm də İsraildən gəlmiş müəllimlər tərəfindən keçirilir. Əvvəllər dərslər ənənəvi qaydada keçirilsə də, hal-hazırda pandemiya ilə əlaqədar olaraq dərslər onlayn qaydada keçirilir. Tədrisin həyata keçirilməsiylə bağlı hansısa məhdudiyyətlərlə qarşılaşmırlar. Məktəb könüllü və ictimai əsaslarla fəaliyyət göstərir.

         Məktəbdə təhsilin müddətinin nə qədər davam etdiyi sualına cavab olaraq: “Bildiyim qədəriylə, bunun üçün xüsusi bir müddət nəzərdə tutulmayıb. Yəhudilər ömürlərinin sonuna qədər təhsil alırlar”-, deyə bildirdi.

Eyni zamanda o bildirdi ki, bu məktəbdən başqa Bakı şəhərində də fəaliyyət göstərən yəhudi məktəbi vardır, ancaq bu məktəb dini təhsillə məşğul olmur.

Həmin məktəb Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən 2010-cu ildə inşa edilmiş “Xabad-Or-Avner” təhsil mərkəzidir.[8] Məktəbə ana tərəfdən yəhudi olan uşaqlar götürülür və tədris rus dilində aparılır.[9]

2018-ci ilə qədər Azərbaycan Respublikasında ali dini təhsil Bakı İslam Universitetində və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində aparılmışdı.[10]    2018-ci ildən isə əsas dini təhsil müəssisəsi Azərbaycan İlahiyyat İnstitutudur. Bununla yanaşı, hazırda  Naxçıvan Universtitetində də dini təhsil aparılmaqdadır.

  Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdı. Universitetdə təhsil "İslamşünaslıq" və "Şəriət" fakültələri üzrə aparılmışdır.

BDU-nun İlahiyyat fakültəsi isə 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuşdur.[11]

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Sərəncama əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. 2018/2019-cu tədris ilində müvafiq Sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin ləğv edilməsi və Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsi məsələlərinin icrası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir.

Azərbaycan İlahiyyat İnstituna tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə-islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçirilir.[12]

         Naxçıvan Universitetində də “Dinşünaslıq” ixtisası üzrə bakalavr, İslamşünaslıq” ixtisası üzrə isə magistratura təhsili mövcuddur.[13]

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə bağlı Prezidentin müvafiq sərəncamında sadəcə BDU-nun ilahiyyat fakultəsinin ləğv edilməsi nəzərdə tutulsa da, sərəncamdan sonra Bakı İslam Universiteti də ləğv edilmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması ilə bağlı öz müsahibəsində bildirmişdir ki, İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək. Bu səbəbdən Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda təhsil alan tələbələr öz təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti öz fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib və bu tələbələrin bəziləri də İlahiyyat İnstitutuna gələcək.[14]

 

[1] Mubariz Qurbanlı, Azərbaycanda dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir, Trend İnformasiya Agentliyi, 13.06.2015, https://az.trend.az/azerbaijan/society/2416411.html

[2] S.Qarayeva,  “Ali məktəblərdə "Multikulturalizmə giriş" əsas fənn kimi tədris olunacaq”, 525-ci qəzet.- 03.05.2019, S.10.

[3] Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət qaydalarının II hissəsi

[4] https://report.az/dini-xeberler/qafqaz-muselmanlari-i-daresi-yeni-quran-kurslari-acib/

[5] Asəf Qənbərov, “Azərbaycanda Din və dövlət” BAKI – 2018, səh 109-110

[6] "Şəbnəm" Qızlar İslam Kollecinin müdiri Gülnarə Haşımovanın reportajından / https://report.az/dini-xeberler/sebnem-qizlar-i-slam-kollecinden-reportaj/

[7] http://www.dqdk.gov.az/az/view/pages/306?menu_id=83

[8] https://president.az/articles/828

[9] Məktəbin kadrlar şöbəsindən verilən məlumat / https://l24.im/QGtr

[10] i.ü.f.d. Ceyhun Məmmədov "Azərbaycanda din təhsili", "Din araşdırmaları jurnali", № 1. Dekabr 2018

[11]https://ait.edu.az/az/about/child-page-example-1/

[12] Azərbaycan İlahiyyat İnstitunun nizamnaməsi

[13] https://nu.edu.az/az/elm-v%C9%99-t%C9%99hsil/kafedralar/ilahiyyat

[14] https://onn.az/tehsil/baki-islam-universiteti-niy%C9%99-baglandi-aciqlama/

7. Nəticə

Azərbaycan Respublikasında dini təhsilin hər iki formasında da təhsil mövcud olduğunu və bunların hansı təhsil müəssisələrində, hansı qaydada həyata keçirildiyini nəzərdən keçirdik. Göründüyü kimi, dini təhsil əsas insan və vətəndaş hüquq və azadlıqlarından hesab edilən vicdan azadlığı və dini etiqad azadlığı ilə bir başa əlaqədə olub, onların tərkib hissəsi kimi çıxış edir.  Bu sahədə əsas münasibətləri tənzimləyən Dini Etiqad Azadlığı haqqında Qanunda istər dini təhsillə bağlı, istərsə də dini etiqadın digər formaları ilə bağlı imperativ normalarının əksəriyyət təşkil etdiyini və bir sıra məhudiyyətlər olduğunu gördük. Bu məhdudiyyətlərin bir hissəsinin legitim səbəbləri olsa da, bəziləri hər hansı legitim səbəbi olmadan qanunda öz əksini tapmışdır. Belə qəbildən olan məhdudiyyətlər Azərbaycan Respublikasının öz üzərinə öhdəliklər götürərək qoşulduğu beynəlxalq hüquqi sənədlərlə ziddiyyət təşkil etməkdədir. Bu ziddiyyətlərin əsas hissəsini əcnəbilərin dini təhsil hüquqlarının məhdudlaşdırılması  təşkil edir. Təəssüf doğuran məqamlardan biri də odur ki, qanunun daha da təkmilləşdirilməsi məqsədilə 2021-ci ildə edilən son dəyişikliklərdən sonra da belə məhdudiyyətlər qalmaqdadır.