Azərbaycan məktəblərində hicab

müəllif: Sübgan Talıblı

1. Giriş

Dünyəvi dövlət kimi idarə olunan dövlətlərdə bəzi iş yerlərində, rəsmi qurumlarda, universitet və məktəblərdə hicabın taxılmasına yönələn maneələrin dindarların etirazlarına səbəb olduğunu bilirik. Bu yazıda Azərbaycanda hicabın məktəblərdə taxılması ilə bağlı məsələlərə toxunacağıq. “Dini etiqaz azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – DEA) 1-ci maddəsinə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Habelə Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra – ARK) 48-ci maddəsinə (“Vicdan azadlığı”) əsasən hər kəsin vicdan azadlığı vardır və hər kəsin hansısa dinə inanmaq ya da inanmamaq,  hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, öz dini inancını ifadə etmək və yaymaq hüququ vardır. Belə qəbul olunur ki, uşaqlar hicab taxmaqla valideynləri tərəfindən tərbiyə olunduqları dinə əsasən öz dini etiqadlarını ifadə etmiş (nümayiş etmiş) olurlar.

2. Azərbaycan məktəblərində hicabın taxılması ilə bağlı vəziyyət

Azərbaycanda təhsil müəssisələrində, xüsusən də məktəblərdə hicab taxılması ilə bağlı problemlər son illər ərzində meydana gəlməyə başlayıb. Qeyd etmək lazımdır ki, oxşar məsələ artıq 30 ildən çoxdur ki, Avropada müxtəlif dairələrdə (siyasi, hüquqi) müzakirə obyektinə çevrilib. Bununla bağlı ümumi (ortaq) bir mövqeninin formalaşdırılmaması səbəbindən, düzgün analiz etmək üçün hal-hazırda ortaya çıxan problemlərə (mövcud vəziyyətə), bundan irəli gələn qanunvericiliyə (istər yerli, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar (müqavilələr) və s.) və oxşar məsələ ilə bağlı beynəlxalq (əsasən Avropa) təcrübəyə nəzər yetirmək lazımdır.

            Azərbaycan məktəblərində hicab taxılması ilə bağlı meydana çıxan problemlər arasında ən yadda qalanları olaraq 2010-2012-ci illərdə baş verən hadisələri xüsusilə qeyd etmək lazımdır. 2010-cu ildə yeni təhsil ili başlayan kimi müxtəlif kütləvi informasiya vasitələrində belə məlumatlar yayılmağa başladı ki, məktəblərdə şagirdlərin hicab taxması ilə bağlı Təhsil Nazirliyi səviyyəsində qadağalar qoyulub. Bu ərəfədə həmin məsələni “alovlandıran”  eks-təhsil naziri Misir Mərdənov olmuşdur. Belə ki, kütləvi informasiya vasitələrinə açıqlamasında eks-nazir Misir Mərdənov sonradan qızğın müzakirələrə, imzatoplama kampaniyasına, hətta ölkənin bir çox yerlərində etiraz asiyalarına səbəb olacaq aşağıdakı sözləri demişdir: “On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var. Burada kənar heç bir şey görmürəm. Bu müsəlmançılıqdan uzaqlaşma deyil. Biz hər birimiz Allahımızı qəbul edirik, “Qurani-Kərim” də stolüstü kitabımızdır. Dinin digər etiqadlarına da əməl etməliyik. Orta məktəbin qayda-qanunlarına əməl etmək müsəlmançılığa qarşı deyil”[1]. Eks-nazir başqa bir çıxışında aşağıdakı sözləri demişdir: “Təhsil haqqında qanunda belə bir bənd var. Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidir. Məktəblərə qızlar başı bağlı formada getməməlidirlər. Evində, küçədə, digər tədbirlərdə istədiyi formada gedə bilər. Biz qərar qəbul etmişik ki, Azərbaycan dövləti dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir. Biz belə düşünürük ki, məktəb yaşlı uşağı, yəni 16 yaşlı uşağın başını bağlaması dünyəviliklə bir araya gəlmir. Və onların hicablı məktəbə gəlməsinə qadağa qoymuşuq”[2].

            Azərbaycanda dövlət səviyyəsində (qanunvericilikdə) rəsmi olaraq heç bir dinə üstünlük verilmir və ölkədə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir[3]. Buna baxmayaq statistik göstəricələrə görə Azərbaycanda əhali arasında ən geniş yayılmış din İslamdır (əhalinin 95%-dən çoxu İslan dininə etiqad edir)[4],[5],[6]. Bu faktları nəzərə alsaq onda asanlıqla təsəvvür etmək olardı ki, eks-nazirin bu sözləri, müxtəlif yerlərdə hicabla bağlı baş verən qadağalar əhalinin əksər hissəsini əhatə edən müsəlman kəsiminin ciddi etirazlarına səbəb olacaqdı. Beləliklə həmin vaxt hicaba qarşı qoyulan qadağalar Azərbaycanın müxtəlif bölgələrində etiraz aksiyalarının keçirilməsilə nəticələndi. Aksiyalarda “Azərbaycan İslam Partiyası” və “Rifah Vətəndaş Hərəkatı” da iştirak etmişdir. Aksiyalar paytaxt Bakı ilə yanaşı həmçinin müxtəlif şəhərlər o cümlədən Gəncə, Masallı, Lənkəran və digər yerlərdə keçirildi[7],[8]. Ən izdihamli aksiya Bakı şəhərində 2011-ci il 6 may tarixində Təhsil Nazirliyi binasının qarşısında keçirildi[9]. Daha bir növbəti aksiya 2012-ci ilin 5 oktyabr tarixində “Hicaba azadlıq” adı altında keçirildi[10]. Bir qayda olaraq bu aksiyaların hamısı polis tərəfindən dağıdıldı, bir çox iştirakçılar inzibati qaydada, bəziləri isə hətta cinayət hüququ baxımından məsuliyyətə cəlb edildi[11],[12],[13].

            Azərbaycan məktəblərində hicabla bağlı müzakirələrə səbəb olan problemlər digər vaxtlarda da arabir meydana gəlir və mətbutda işıqlandırılır. Belə ki, 2015-ci ildə Bakı şəhərinin, Suraxanı rayonunun, Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı məktəbin rəhbərliyi hicablı şagirdi məktəbə buraxmamışdılar[14]. Elə həmin ildə Bakı şəhərində, Bayıl qəsəbəsində 49 saylı məktəb-liseydə təhsil alan şagirdi də hicab taxdığına görə məktəbə girişinə qadağa qoyulmuşdu. 2018-ci ildə, Bakı şəhərinin, Suraxanı rayonunda yerləşən 85 saylı məktəbin rəhbərliyi hicab taxan şagirdlərin məktəbə daxil olmasını qadağa edən göstərişlər vermişdi. Rezonans doğuran hadisələrdən biri isə 2021-ci ildə baş verib. Belə ki, Bakının Novxanı kəndində yerləşən 1 nömrəli məktəbin rəhbərliyi məktəbə hicabla gələn şagirdlərin baş örtüyünü zorla açaraq yerə çırpıb və onlara ancaq hicab olmadan məktəbə daxil ola biləcəklərini qeyd edib, həmin şagirdlərin valideynlərinə isə “Bura siz hicablılar üçün deyil, hamınızı İrana sürgün etmək lazımdır” deyə xitab olunub[15]. Analoji problemlər Azərbaycanın müxtəlif bölgələrində də zaman-zaman meydana çıxıb[16],[17].

            2011-ci ilin iyulun 4-də DEVAMM (Dini Etiqad və Azadlıqların Müdafiə Mərkəzinin) sədri İlqar İbrahimoğlunun təşəbbüsü ilə orta məktəblərdə hicab probleminin həlli üçün prezident İlham Əliyevə müraciət ünvanlanması üçün 100 min imza toplanması prosesinə start verildi. İyul ayının 27-də İlqar İbrahimoğlu 100 min imzanın artıq toplandığını bildirdi[18],[19],[20].

 

[1] Misir Mərdanov: “Məktəbli qızların sinifdə hicab taxması normal deyil”. https://lent.az/xeber/sosial/-50393

[2] Misir Mərdanov "hicab qadağandır!" dedi.https://web.archive.org/web/20140831173449/http://zeka.az/1208-misir-mjrdanov-hicab-qadadanddr-dedi.html

[3] Azərbaycanda din. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. https://files.preslib.az/projects/remz/pdf/atr_din.pdf

[4] Tolerantlıq. https://multiculturalism.preslib.az/az_a4.html

[5] Azerbaijan Population 2021 (Live). https://worldpopulationreview.com/countries/azerbaijan-population

[6] Azerbaijan Religious Demography: Affiliation. http://www.globalreligiousfutures.org/countries/azerbaijan#/?affiliations_religion_id=0&affiliations_year=2010&region_name=All%20Countries&restrictions_year=2016

[7] Hicab problemi ilə bağlı xəbərlər. https://web.archive.org/web/20101228235152/http:/birlik.az/gundem/hicab-problemi-ile-bagli-xeberler.html

[8] Masallıda hicab qadağasına etiraz aksiyası. https://www.bbc.com/azeri/news/story/2010/12/101215_hicab

[9] Bakıda növbəti “hicab” aksiyası. https://modern.az/az/news/13602

[10] Təhsil Nazirliyi qarşısında qanlı "hicab aksiyası". https://modern.az/az/news/29526

[11] Hicab məhbusları son söz dedi. Hökm oxunacaq. https://www.islamtimes.org/az/news/254493/hicab-m%C9%99hbuslar%C4%B1-son-s%C3%B6z-dedi-h%C3%B6km-oxunacaq

[12] Bu gün hicab məhbuslarına hökm oxunacaq. https://www.islamtimes.org/az/news/256746/bu-g%C3%BCn-hicab-m%C9%99hbuslar%C4%B1na-h%C3%B6km-oxunacaq

[13] “Hicab məhbusları” haqqında hökm çıxarılıb. https://musavat.com/news/son-xeber/Hicab-mehbuslari-haqqinda-hokm-cixarilib_152253.html

[14] Bakıda orta məktəb direktoru və mühafizəçi jurnalistlərə hücum etdiş https://interaztv.com/society/40825

[15] Şagirdin hicabını zorla başından açaraq yerə atan direktordan açıqlama. https://tehsil.biz/news/az/5139/agirdin-hicabn-zorla-bandan-aaraq-yer-atan-direktordan-AIQLAMA

[16] Bərdə məktəbində hicab qadağası: “Məktəbə forma ilə gəlin”. https://azedu.az/az/news/19998-berde-mektebinde-hicab-qadagasi-mektebe-forma-ile-gelin-

[17] Cəlilabadda hicablı məktəbliləri imtahana buraxılmayıblar. http://deyerler.org/75865-hicab.html

[18] “100 min imza” gecikmiş addımdır? https://web.archive.org/web/20110823060530/http://www.haqyolu.com/author_articles/view/402

[19] “100 min imza” Sumqayıtda. https://www.islamtimes.org/az/news/82980/100-min-imza-sumqay%C4%B1tda

[20] Uca Allahın lütfü ilə 100 min imza toplanıldı! İmzatoplama davam edir. http://deyerler.org/95840-uca-allahdn-lgtfg-ilj-100-min-imza-toplandldd-dmzatoplama-davam-edir.html

3. Azərbaycan məktəblərində hicabın taxılması ilə bağlı qanunvericilik

Göründüyü kimi, Azərbaycanda müxtəlif vaxtlarda və müxtəlif yerlərdə məktəbdə hicabla bağlı qadağalar problemi meydana çıxır və yuxarıda qeyd edilən hadisələr onlara misaldır. Belə bir problemlər dərhal cəmiyyətdə müzakirə mövzusu olur. Bu müzakirə zamanı ən çox diqqət edilən məqam isə mövcud problemlə bağlı qanunvericiliyin hansı mövqedə olması sualıdır. Bu məsələni qanunvericilik baxımından analiz etmək üçün təhsil hüququ və vicdan azadlığı ilə bağlı tənzimləmələrə diqqət etmək lazımdır.

Ölkəmizdə normativ aktlar arasında ən yüksək hüquqi qüvvəyə ARK malikdir. ARK-nın “Təhsil hüququ” adlı 42-ci maddəsində göstərilmişdir ki, hər bir vətəndaşın təhsil hüququ var və bu hüququ pulsuz icbari ümumi orta təhsil formasında (məktəbdəki təhsil) dövlət təmin edir, yəni dövlət üzərinə vəzifə götürüb ki, vətəndaşlara sözügedən təhsili versin. ARK-nın “Vicdan azadlığı” adlı 48-ci maddəsində isə göstərilmişdi ki, hər kəsin vicdan azadlığı vardır və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır[1]. Bu maddələrdən aydın olur ki, hər kəsin istədiyi dini seçmək hüququ vardır. DEA-nın 1-ci maddəsinə əsasən isə valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər[2].

Beləliklə ARK-nın və müvafiq qanunların yuxarıdakı maddələrindən aydın olur ki, insanların müvafiq təhsilini dövlət təmin edir və insanlar dinə münasibətlərini özləri seçirlər. ARK-nın “Bərabərlik hüququ” adlı 25-ci maddəsinə görə, fərdin hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Həmçinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – TH) 5.2-ci maddəsində isə ARK-nın müvafiq maddələrindən irəli gələrək qeyd edilib ki, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir[3].

Azərbaycan məktəblərində hicabın taxılması ilə bağlı qanunvericilikdən danışırkən 2021 -ci ildə DEA-ya edilmiş dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Bu dəyişikliklə həm də  valideynlərin öz uşaqlarına veridikləri dini tərbiyə ilə bağlı məsələni tənzimləyən normaya əlavələr edilmişdir. Bu əlavələrdə qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Bu qanun dəyişikliyi özünü gələcəkdə necə göstərəcək sualına cavabı ancaq zaman verəcək. Biz indiki məqamda ancaq gümanlardan irəli gələrək ehtimal edə bilərik ki, dövlət bu layihə ilə hansı addımları atmaq istəyir. Belə güman etmək olar ki, dövlət bu normalar ilə məktəblərdə hicab taxılması məsələsini əksər misallarda azaltmaq niyyətindədir. Yəni, psixoloqların köməyi ilə əksər hallarda meydana belə bir faktı çıxartmaq mümkün olacaq ki, uşaq hicabı valideyn məcbur edib deyə taxır və ya bu onun fiziki və psixi sağlamlığına mənfi təsir göstərir. Beləliklə bununla dövlət məktəblərdə hicabın taxılması presedentlərini azaltmaq fikrində ola bilər. Amma burada bəzi əngəllər meydana gələcək. Əvvəla bu qanun norması ilə sübutetmə məsələsi çox çətin sınaqlardan keçməlidir. Yəni təkcə psixoloqun verdiyi rəylə yox. Geniş olaraq araşdırma aparıb nəticəyə gəlmək lazımdır ki, həqiqətən də uşaq hicabı məcbur olduğuna görə taxır ya öz istəyindən. Digər bir əngəl bundan ibarətdir ki, heç də hamıda psixoloq bu qənaətlərə gələ bilməyəcək, yəni elə misallar da olacaq ki, uşaq hicabı öz istəyi ilə taxmasını bildirəcək. Belə olan halda onun hicabı taxmasını faktiki olaraq əngəlləmək üçün heç bir normativ baza olmayacaq. Bunlardan irəli gələrək hesab edirik ki, DEA-ya edilən bu müvafiq dəyişikliyin “məktəblərdə hicab” mövzusuna necə təsir edəcəyini, əslində nəyi ehtiva etdiyini (arxasında nəyin dayandığını)  yalnız zaman göstərəcək.

Görüldüyü kimi Azərbaycan qanunvericiliyində məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı açıq normalar mövcud deyil. Bəs məcburi uniforma ilə bağlı hansı tənzimləmələr var, və onların tərzinin hicabı istisna etdiyini düşünmək mümkündürmü? Buna baxmayaraq müxtəlif məktəblərdə hicab problemi meydana çıxanda Təhsil Nazirliyinin əməkaşları bu məsələləri şərh edərkən konkret aktlara istinad edirlər və problemin həllini birbaşa məktəblərin özlərinə aid olduqları qeyd edirlər. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında qeyd edilib ki, ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Təhsil Nazirliyinin əməkdaşları bu vaxta qədər müvafiq akta istinad edərək problemin həllinin nazirliyə aid olmadığını qeyd edirdi[4]. Araşdırmalar zamanı bəlli olur ki, əgər belə bir nizamnamələr mövcuddursa orada bununla bağlı (hicabla bağlı) qadağalar mövcud deyildi. 2020-ci ilin əvvəlində isə bu sahədə qanunvericilikdə maraqlı dəyişikliklər edildi. Belə ki, Nazirlər Kabinetinin adı yuxarıda çəkilən aktının müvafiq normasında qeyd edildi ki, ümumtəhsil məktəblərində təhsilalanların geyim forması “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ÜTH) 12.13-cü maddəsinə uyğun müəyyən olunur[5]. ÜTH-nın 12.13-cü maddəsində isə göstərilir ki, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün təsvirləri Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir[6]. Beləliklə bu dəyişikliyə əsasən artıq məktəblərdə geyim formaları barədə qərarı hər məktəb özü yox, Nazirlər Kabineti vahid olaraq verəcək. Hələ ki, Nazirlər Kabineti bu barədə akt qəbul etməyib, amma Təhsil Nazirliyi 2020-ci ilin əvvəlində şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlayıb[7] və müvafiq geyim nümunələrini artıq dərc edib[8]. Doğrudur dərc olunan nümunələr standart geyimləri əhatə edir və qərarın əsas mətni hələ dərc edilməyib. İctmaiyyət ancaq ümid bəsləyərək gözləyə bilər ki, yeni qərarda hicabla bağlı konkret normalar (icazə verən və ya qadağa edən) öz əksini tapacaq. Bu isə konkret deyil, yəni dövlət bu məsələyə yeni aktda da toxunmamaqla onu açıq saxlaya bilər.

ARK-da təhsil hüququ və vicdan azadlığı ilə bağlı müvafiq normalar Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə (konvensiyalara, paktlara) uyğunluq təşkil edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvesiya”ya əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Müvafiq konvesiyanın təhsil hüququ ilə bağlı maddəsində isə deyilir ki, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz və dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir[9]. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”da isə qeyd edilib ki, hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir və bu hüquqa özü seçdiyi dinə və əqidəyə malik olmaq və ya öz istədiyi dini və əqidəni qəbul etmək azadlığı və öz dini və əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, açıq və ya özəl qaydada etiqad etmək, ibadət etmək, dini və mərasim ayinləri və təlimini yerinə yetirmək azadlığı daxildir və hazırkı Paktda iştirak edən dövlətlər, valideynlərin və müvafiq hallarda qanuni qəyyumların öz uşaqlarına öz əqidələrinə uyğun olaraq dini və mənəvi tərbiyə vermələrinin təmin olunması azadlığına hörmətlə yanaşmağı öz öhdələrinə götürürlər[10].

 

[1] Azərbaycan Respublikasının Konstitusiyası. http://www.e-qanun.az/framework/897

[2] Dini etiqad azadlığı haqqında Azərbaycan Republikasının Qanunu. http://www.e-qanun.az/framework/7649

[3] Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. http://www.e-qanun.az/framework/18343

[4] Azərbaycan məktəblərində hicab qadağası yoxdur, amma... https://musavat.com/news/azerbaycan-mekteblerinde-hicab-qadagasi-yoxdur-amma_484759.html

[5] Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. http://www.e-qanun.az/framework/21148

[6] Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. http://www.e-qanun.az/framework/42543

[7] Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir. https://edu.gov.az/az/news-and-updates/17864

[8] “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının Təsvirləri”nə Əlavə 1. Təhsilalanların geyim formalarının nümunələri https://edu.gov.az/upload/file/xeber/2020/01/geyim-formasi.pdf

[9] "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya. http://www.e-qanun.az/framework/1405

[10] Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt. https://www.migration.gov.az/content/pdf/5acb034968016_M%C3%BClki%20v%C9%99%20siyasi%20h%C3%BCquqlar%20haqq%C4%B1nda%20Pakt.pdf

4. Avropa ölkələrində məktəblərdə hicabın taxılması ilə bağlı vəziyyət

İndi isə digər ölkələrdə, əsasən də Azərbaycanın siyasi və istisadi olaraq bir üzvü hesab olunan Avropada mövcud olan məktəb və hicab məsələsini araşdıraq. Əksər Qərbi Avropa ölkələrində məktəblərdə hicab taxma qadağası əsasən ibtidai və orta məktəblərə şamil edilib. Maraqlı məqam olaraq Fransanı qeyd etmək lazımdır. Belə ki, Fransada 15 mart 2004-cü ildə qəbul edilən qanuna əsasən bütün məktəblərdə (ibtiadi, orta və s.) dini geyimlərdən istifadə qadağa edilib[1]. Amma bu qanunun qüvvəsi dövlət universitetlərinə şamil edilməyib. Həmçinin qeyd etmək lazımdır ki, bu qanun Fransanın təhil məcəlləsinə yeni bir maddə (L 141-5-1) əlavə edib və bu maddəyə əsasən “dövlətə məxsus ibtidai və orta məktəblərdə şagirdlərə öz dini mənsubiyyətini açıq əkildə ifadə edən atributlardan və geyimlərdən istifadə qadağa edilib. Bu qanun təkcə İslamda olan hicablara deyil, həmçinin kipalara (ənənəvi yəhudi baş geyimi), həddindən artıq böyük xaçlara da şamil edilir və hesab edilir ki, bu atributlar onun daşıyıcısının dini mənsubiyyətini açıq şəkildə göstərir (ifadə edir)[2].

            Belçikada dini simvolların geyinilməsi (daşınılması) məsələsini qadağa edən ümumi qaydalar mövcud deyil. Bu ölkədə fransız və flamand icmalarında fərqli qaydalar hökm sürür, amma hətta eyni icma daxilində də vahid qaydalar olmur. Bu məsələnin həlli məktəblərin ixtiyarlarına verilib. Belə ki, məktəblər daxili normativ sənədlərinə əsasən dini simvolların geyinilməsi ilə bağlı məsələləri tənzimləyə bilərlər. Dini geyimlərə qadağa qoyan birbaşa normalar olmadıqda uşaqlar məktəblərə onları geyinə bilərlər, bir şərtlə ki, bununla insan hüquqlarına, digər insanların reputasiyaarına, milli təhlükəsizliyinə, icimai asayişə və ictimai salamatlığa və daxili qaydalara riayət edilsin[3].

            Avstriyada, Almaniyada, Hollandiyada, İspaniyada, İsveçvə, İsveçrədə və Böyük Britaniyada təhsil sahəsində olan dövlət orqanları adətən şagirdlərə hicab taxmağa icazə verirlər[4].

Avstriyada hicabın geyinilməsini tənzimləyən xüsusi qanunvericlik mövcud deyil, amma buna baxmayaraq belə hesab edilir ki, hicab taxmağa qadağa yalnız o halda əsaslandırıla bilər ki, hicabın taxılması şagirdlərin sağlamlığına və ya təhlükəsizliyinə təhdid yaradır.

            Hicab və məktəblə bağlı məsələdə maraqlı hadisə 1988-ci ildə Böyük Britaniyada baş verib. Belə ki, Oltrinqemdə yerləşən orta məktəbdə iki bacıya hicab taxmağa icazə bir şərtlə verilmişdi ki, həmin hicabın rəngi məktəb formasının rənginə (həmin məktəbdəə tünd göy) uyğun gəlsin və bəzəkli olmasın[5].

            İspaniyada əksər hallarda dövlət məktəblərində hicab taxmağa icazə verilir. Qanunvericilikdə hicabı qadağan edən birbaşa norma yoxdur, amma məktəblərin hüquqları var ki, məktəb geyimlərini tənzimləyən lokal aktlar qəbul etsinlər.

            Hollandiyada, İsveçdə və Finlandiyada hicab taxmağı qadağan edən norma yoxdur, amma qadağa ancaq pərəncələrə (çadralara) aid edilir, çünki bu örtüklər şagirdlərin bütün üzünü bağlı saxlayır və belə olan halda müəllimlər kiminlə ünsiyyət qurduqlarını görmürlər. Bərabər münasibətlər komissiyası 1997-ci ildə qərar qəbul etmişdi ki, ümumi dərs vaxtı pərəncə taxmağı qadağan etmək diskriminasiya hesab edilmir.

            Beləliklə bu nəticəyə gəlmək olar ki, Avropa ölkələrində məktəblərdə hicabın taxılması ilə bağlı ümumi mövqe yoxdur, amma bu problemin həlli üçün əksər hallarda daha çox ortaya çıxan yanaşma üsulu bundan ibarətdir ki, mövcud məsələni hər məktəb özü daxili qaydaları ilə müəyyən etsin. Bu zaman isə diqqət etmək lazımdır ki, başqa şəxslərin hüquqları, milli təhlükəsizlik, ictimai asayiş, ictimai salamatlılıq də nəzərə alınmalıdır.

 

[1] LOI n° 2004-228 du 15 mars 2004 encadrant, en application du principe de laïcité, le port de signes ou de tenues manifestant une appartenance religieuse dans les écoles, collèges et lycées publics (1). https://www.legifrance.gouv.fr/jorf/id/JORFTEXT000000417977?r=eVkA2Este6

[2] Code de l'éducation. https://www.legifrance.gouv.fr/codes/article_lc/LEGIARTI000006524456/#LEGIARTI000006524456

[3] Карташкин В.А. Универсализация прав человека и традиционные ценности человечества // Современное право. — 2012. — № 8.

[4] Абашидзе А.Х., Клишас А.А. Защита прав и свобод человека в соответствии с международно-правовыми стандартами в условиях новых реалий глобализирующегося мира // Вестник Российского университета дружбы народов. Серия «Юридические науки». — 2013. — № 2.

[5] The Hijaab: Twenty years later. https://www.asianimage.co.uk/columnists/5015953.the-hijaab-twenty-years-later/

5. Məktəblərdə hicabın taxılması ilə bağlı AİHM-nin mövqeyi

Məktəb və hicab mövzusu barədə danışarkən “Leyla Şahin Türkiyəyə qarşı” (2005) işi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı da qeyd etmək lazımdır. Doğrudur bu qərarda şikayətçini hicab taxdığına görə universitetə buraxmamışdılar, amma qərarı təhlil edərkən belə nəticəyə gəlmək olar ki, AİHM müvafiq mövzunu dərinliklə araşdırmış və onun gəldiyi nəticələri analogiya ilə məktəblərə də şamil etmək olar.

            Avropanın akademik, ictimai və siyasi dairələrində daha qızğın müzakirələrə səbəb olan bu məşhur işdə AİHM Türkiyədə universitet tələbəsi olan ərizəçinin öz dini etiqadını nümayiş etdirmə azadlığına müdaxiləsinin Konvensiyaya uyğun olub-olmamasını müəyyən etməli idi. Məhkəmə baş örtüyünə münasibətdə Türkiyə dövlətinin manevr azadlığının olduğunu və müdaxilənin Konstitusiya Məhkəməsinin təcrübəsindən aydın surətdə ərizəçiyə bəlli olduğunu müəyyənləşdirir. Bundan sonra məhkəmə sonuncu, üçüncü şərtin, yəni Türkiyə dövlətinin bu müdaxiləsinin türk cəmiyyətində zəruri olub-olmamasının yoxlanılmasına keçir. Məhkəmə Türkiyə Konstitusiya Məhkəməsinin təcrübəsinə əsaslanaraq, Türkiyənin tarixi inkişaf yolunu və cəmiyyətdə dünyəvilik prinsipinə verilən əhəmiyyəti, plüralizm, başqalarının hüquqlarına hörmət, xüsusilə də kişi və qadınların qanun qarşısında bərabərliyi kimi dəyərlərin geniş tədris olunduğu və tətbiq edildiyini nəzərə alaraq, universitetin geyim normalarının tətbiq edilməsini qəbul olunan elan edir (16 səs lehinə, 1 səs əleyhinə). Başqa sözlə, bu qərara əsasən, hətta universitetdə belə baş örtüyünə qadağanın qoyulması Konvensiyaya uyğun ola bilər[1].

 

[1] Fikir, vicdan və din azadlığı. http://www.anl.az/down/meqale/xalqcebhesi/2014/mart/356262.htm

6. Nəticə

            Mövcud məsələnin təhlili zamanı belə nəticəyə gəlmək olar ki, məktəblərdə hicabın taxılması məsələsinə birmənalı olaraq mövqe sərgilənmir. Hətta böyük hüquqi bazaya və ənənəyə malik olan Avropa ölkələrində mövcud məsələ fərqli-fərqli üsullarla tənzimlənir. Azərbaycan qanunvericiliyi birmənalı olaraq məktəblərdə hicabın taxılması ilə bağlı heç bir qadağa tətbiq etmir, amma baş verən hadisələr bunu bir daha deməyə əsas verir ki, bu məsələdə müvafiq boşluqlar (tənzimləmə metodlarının olmamasına görə) zaman-zaman geniş rezonans doğuran problemlərə gətirib çıxardır. Bəzən dövlət məmurlarının müvafiq məsələyə münasibəti, bəzən isə ayrı-ayrı məktəblərdə rəhbərlik səviyyəsində fərdlərin bu məsələyə münasibəti lokal rezonanslara, hətta geniş miqyaslı etirazlara səbəb olur. Demək olar ki, hər il, Azərbaycanda hanısa məktəbdə meydana gələn müvafiq problem kütləvi informasiya vasitələrində yayımlanır. Dövlət qanunvericilik səviyyəsində, məktəblərdə geyim məsələsini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində əvvəlki dövrlərdə olan boşluqları və çaşqınlıqları aradan qaldırmağa hesablanmış addımlar atsa da, qətiyyətliliyin axıra kimi aparılmaması mövcud problemi hələ də açıq və müəyyən müddətdə dondurulmuş vəziyyətdə saxlayır.

            Hesab edirik ki, bu məsələ ilə bağlı ənənəvi problemlər həmişə olduğu kimi davam edəcək. Problemi birmənalı həll etmək üçün qanunvericilik səviyyəsində dövlət öz iradəsini ifadə edərək mövcud ictimai münasibətləri tənzimləməlidir. Doğrudur tənzimləmə metodlarının olmaması da obyektiv səbəblərdən irəli gəlir. Tənzimləmə metodlarının uzun müddətdir ki, olmaması isə belə deməyə əsas verir ki, dövlət özü də bu məsələdə qərarsızdır və elə düşünülmüş addım atmaq istəyir ki, heç bir tərəfin hüquqları pozulmasın, dövlətin dünyəvilik prinsipinə və insanların vicdan azadlığı, eləcə də təhsil almaq hüquqlarına xələl gətirilməsin. Amma hər bir halda yaxşı və ya pis tənzimləmə metodunun olması, tənzimləmə metodunun heç olmamasından və qeyri-müəyyənliklərdən daha yaxşıdır.