Təbliğat və dinə dəvətin qaydaları – kimlər, harda və necə?

1. Dini təbliğatın din azadlığındakı yeri

Dindarların öz dinlərini yayması bütün dinlərdə görülən bir praktikadır. Dini yaymaq adətən həmin dinin doqmaları tələb edir, və bunun ən əsas səbəbi də müqəddəs kitablarda sıxlıqla təkrarlanan “insanları haq yoluna dəvət” tənbehidir.

“Dəvət” olaraq istifadə edəcəyimiz dinin propaqandası və yayılması fəaliyyəti, dinlərin böyüməsində, onun tərəfdaşların artmasında; dindarların öz aralarında dayanışma göstərməsində olduqca təsirli və vacib bir amildir.

Etiqad etdiyin dini yayma hüququ, bu vacibliyinə görə həm də beynəlxalq konvensiyalarda öz əksini tapıb. Həm BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktı, həm də Avropa insan hüquqları Konvensiyasının 9-cu maddəsində din etiqadı azadlığı daxilində hər kəsin öz inandığı dini yayma hüququ göstərilir.

Beynəlxalq hüquqda dinə dəvət fəaliyyətlərinin 2 əsas məhdudiyyəti var. Bunlardan birisi zorakı praktikalar barədə olan dəvət qadağası, digəri də könüllü olmayan, könüllülüyü zədələyən, asılılıq müşaiyət olunan bir münasibət daxilində dinə dəvət etməkdir. [1]

Ölkəmizin qanunvericiliyi isə dinə dəvət məsələsində daha mürəkkəb və daha məhdudlaşdırıcıdır. Lakin mütləq qaydada qeyd etməliyik ki, elə “Dini etiqad azadlığı haqqında” Qanunun 31-ci maddəsi qeyd edir ki, dini etiqad azadlığı haqqında daxili qanunvericilik, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilədən fərqli qaydalar ehtiva etdikdə, belə halda  beynəlxalq müqavilənin qaydaları tətbiq olunur. Bu səbəblə beynəlxalq hüququn din azadlığı məsələsində göstərdiyi çərçivələri bilmək lazımdır. Zamanla, qanunvericilikdə olan bu qəbildən zidd müddəaların düzəldiləcəyinə ümid edirik.

 

[1] AİHM-nin Larissis və Kokinassis işləri

2. Qanunvericiliyin əsas istiqamətləri

Qanunvericiliyi anlamaq üçün, əvvəlcə dinin yayılmasına rəsmi din siyasətin nə olduğuna toxunaq. Azərbaycanda hökümət hər bir halda din siyasətində 2 əsas məqamə diqqət yetirir.

Bu siyasətin birinci prioriteti, SSRİ-də dinin azad olmaması və bu səbəblə də ölkədə müstəqil və illərcə formalaşmış güclü yerli dini konfessiyaların olmamasına görə, xarici güclərə bağlı hansısa dini konfessiyanın yayılmasının yolverilməzliyidir.

Din siyasətinin digər prioriteti, dövlətin nəzarətindən kənar, onun nəzarəti olmadan bir dini konfessiyanın yayılmasıdır. Bunlara əlavə olaraq da qeyd etmək olar ki, din siyasəti ölkədə müxtəlif konfessiyaların varlığını qəbul etsə də, bunlardan heç birinin böyüməklə ictimai rəyə ya da hökümət siyasətinə təsir etməsini də arzulamır.

Bu qeyd etdiklərimiz qanuni mövqelər deyil, qanunda yazılmayan siyasi səbəblərdir. Bunları göstərməyimiz, bunları müdafiə ya da tənqid etmək deyildir. Lakin aşağıdakı izahatlardan da aydın olacaq ki, qanunvericilik müddəları da əslində bu prioritetləri qorumağa yönəlir.

Bununla belə, yahudilik inancı istisna olmaqla, islamda, xristiyanlığın müxtəlif konfessiyalarında, buddizmdə, krişnaizmdə, bahailikdə, yahova şahitlərində - dəvət dini fəaliyyətin ən əsas hissəsi sayılır; hətta ibadət rituallarından da daha vacib olduğunu qeyd edə bilərik. Çünki ibadətlərə ayrılan saatlar, bir çox halda dəvətə ayrılan saatdan daha az olur. Burada dinə dəvətin ibadətin bir növü olub-olmadığı məsələsində də toxunmaq istəmirik.

Azərbaycada da dinə dəvət məsələlərini “Dini etiqad azadlığı haqqında” Qanun tənzimləyir. Qanunun 1-ci maddəsi, dinə dəvəti, yəni təbliğatı, olduqca geniş formada tənzimləyir. Həmin maddəyə görə, dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Qanunun 1-ci maddəsində göstərilən məhdudiyyətlərə göz ataq. 

  1. Zor tətbiqi ya da zor tətbiq etmə hədəsi,
  2. İrqi, milli, dini, sosial ədavəti qızışdırma məqsədi,
  3. İnsan ləyaqətini alçaldan dini axımlar,
  4. İnsanpərvərlik prinsiplərinə zidd inanclar,
  5. əcnəbi vətəndaşlar tərəfindən dini inancların yayılması[1] -

Bunların təbliğinə yol verilmir.

Ümimiyyətlə din azadlığının, o cümlədən dinə dəvət azadlığının məhdudlaşdırılması qanuna görə yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Burada göstərilən meyarlar, Avropa İnsan hüquqları Konvensiyasında göstərilən meyarlara uyğun olsa da, praktikada bunun reallaşma məsələsi o qədər də bir mənalı deyildir. Belə ki, Nəsirov Azərbaycana qarşı işdə,[2] praktikada Konvensiyadakı şərtlərə riayyət edilmədiyini görə bilirik. Bu məsələyə daha sonra toxunacağıq.

Hərçənd yuxarıda göstərdiyimiz təbliğatın qadağan olduğu hallar, heç də həmişə əhatəsi aydın başa düşülməyə bilər. Məsələn “insan ləyaqətini alçaldan” və “insanpərvərlik prinipinə zidd” olan anlayışları, din azadlığı sahəsində hadisədən hadisəyə görə də fərqli şərh oluna bilən anlayışlardır.

 

Qanun dinin yayılması fəaliyyətini də peşəkar dini fəaliyyət saymış, buna bağlı olaraq da peşəkar dini fəaliyyəti icra edən şəxsləri din xadimləri saymış; onlar da öz növbəsində dini ali ya da orta təhsili olan şəxslərdir (maddə 4-1).

 

Dini təbliğatın müxtəlif növləri vardır. Din təhsili, müqəddəs kitabların öyrədilməsi, namaz kimi ibadətlərin öyrədilməsi, peyğəmbərlərin həyatının öyrədilməsi, hamısı dini təbliğata aitdir. Qanunda bunlar ayrı-ayrı tənzimlənib.

Qanun bütün növ dini qurumların təbliğatla, yəni dinə dəvətlə məşğul ola billəcəyini qeyd edib. Bizim üçün daha maraqlı olan dini icmalardır.

Qanunun 7-ci maddəsinə görə, ölkəmizdə 4 növ dini qurum mümkündür – dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, habelə  onların birlikləri dini qurum sayılır.

 

[1] Əcnəbilər tərəfindən dini təbliğat qaydaların pozulmasına görə 1 ildən 2 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

[2] CASE OF NASIROV AND OTHERS v. AZERBAIJAN, 20.06.2020

3. Dini təhsil və təbliğat

Əslində dini təhsil təbliğatın bir növü kimi nəzərə alına bilər. Lakin qanunvericilikdə dini təhsil təbliğatdan ayrı şəkildə və mənada ələ alınıb və təbliğatdan əsas fərqi ondadır ki, dini təhsildə müvafiq ali və orta dinşünaslıq dərəcələri verilir.

Dini təhsillə ancaq dini təhsil müəssisələri məşqul ola bilər. Müqəddəs kitabların öyrədilməsi isə kurs açmaq vasitəsilə hər növ dini qurum üçün mümkündür; bir şərtlə ki onların tabe olduqları dini mərkəz və idarələrin buna razılıq versin.[1] Dini təhsil müəssisələrini isə ancaq dini mərkəz və idarələr aça bilər; yəni sıradan dini icma Quran ya da İncil kursu aça bilsə də, hansısa dini təhsil müəssisəsi aça bilməz.

 

[1] Qanunun 6-cı maddəsinin son bəndində olan bu tənzimləmə, daha dini mərkəz və idarəsi olmayan dini icmaların bu imkandan məhrum etmir. Çünki xırda dini konfessiyalar, xaricdə olan mərkəzlərə tabe ola bilərlər.

4. Dinə dəvətlə kimlər məşqul ola bilər?

Dinə dəvətlə məşqul olan şəxslər üçün hansısa dinşünaslıq üzrə dərəcə tələb olunurmu? Qeyd etməliyik ki, dini təhsil verən şəxslər üçün belə bir dərəcə tələb olunduğu halda, dinə dəvət üçün hansısa dini təhsilə sahib olmaq şərti tələb olunmur. Dini icmanın özü, ya da dini icmanın hər hansı bir üzvü, belə bir dəvətlə məşqul ola bilər. Lakin burada vacib məqama toxunmalıyıq: dini qurum qeydiyyata alınmadan, o fəaliyyət göstərə bilmir, belə ki qeydiyyat alınmadan onun üzvləri də icma adına təbliğat və dəvət işi ilə qanunvericiliyə görə məşqul ola bilməz.

Maraqlı bir sual heç bir icmanın üzvü olmayan vətəndaşlar baxımından yaranır. Belə vətəndaşlar dinə dəvəti (təbliğatı) həyata keçirə bilərmi? Adını çəkdiyimiz Qanun, vətəndaş qismində olan birisinin dinə dəvət (təbliğat) hüququnu çox da aydın tənzimləmir. Bununla belə qeyd etməliyik ki, “qadağan olunmamış hər əməl sərbəstdir”, yəni hərəkət azadlığı prinsipini nəzərə almaqla, hansısa icmaya bağlı olmayan vətəndaşın dini təbliğat hüququnun olduğunu da qeyd etməliyik. Üstəlik, daha əvvəl istinad etdiyimiz Qanunun 31-ci maddəsi də buna açıq yollama edir. Amma unutmayaq ki, bir vətəndaş eyni insanlarla təbliğat aparırsa, məsələn məhəllədəki qonşularına, burada faktiki bir icmanın formalaşdığını irəli sürmək mümkün olacaqdır. Məsələn, cənubda yerləşən Əliabad kəndində iki ev-kilsə liderinin evlərində keçirilən ayin sırasında polis min evlərə basqın etmiş və bu iki vətəndaş  1500 AZN məbləğində cərimə edilmişdir. Yığıncaqda iştirak edən 30 nəfər ilkin olaraq həbs edilmiş, daha sonra isə azadlığa buraxılmışdır. 12 dekabr tarixli məhkəmə iclasından sonra hər iki liderə rəsmi qeydiyyat və icazə almadan hər hansı yığıncaq keçirməmək barədə xəbərdarlıq edilmiş, əks təqdirdə “daha ciddi nəticələrin” olacağı ilə hədələnmişlər.[1]

Qeyd etməliyik ki, vətəndaşların öz evlərində toplu şəkildə keçirilən dini ayin, mərasim və ibadətlə sərbəst şəkildə məşqul olma imkanı, müvafiq Qanunun 21-ci maddəsinin ikinci abzasında açıq formada göstərilib.

Vətəndaşın din təbliğatı ilə məşqul olması baxımından qanunda yenə bəzi məhdudiyyətlər nəzərdə tutulub.

Belə ki praktikada təbliğat, həm də dini materiallar, bukletlər paylama formasında həyata keçirilir və bu da çox yayqın bir üsuldur. Dini etiqad haqqında Qanunun 22-ci maddəsi, həm dini icmalar həm də digər hüquqi və fiziki şəxslər üçün belə bir şərt nəzərdə tutub ki, ancaq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nəzarət markası olan dini ədəbiyyat və material sərbəstçə yayıla bilər. Qısacası, əlində dini material olan vətəndaş bunları yaymaq istəyirsə, müvafiq ədəbiyyatla dövlət qurumuna müraciət edərək, ədəbiyyatın yoxlanılmasından sonra onun üçün nəzarət markası almalıdır. Praktikada da, qeydiyyatdan keçməyən dini materialların müsadirə edildiyini, onları yayan şəxslərin cərimələndiyi görülüb.[2] Onu da qeyd edək, Qanunun müvafiq maddəsi 2013-cü ildə dəyişib, ondan əvvəl isə dini ədəbiyyatı yaymaq üçün də DQİDK-dan razılıq alınmalıdır; indi isə sadəcə müvafiq ədəbiyyata nəzarət markası alınmalıdır. Məsələn 2010-cu ildə baş vermiş bir hadisədə, Yehova şahitləri mənzil mənzil dolaşıb idxalına icazə verilmiş dini ədəbiyyatı yayarkən polis tərəfindən saxlanılmışdı, daha sonra bu şəxslər Avropa Məhkəməsinə qədər şikayət vermişdilər.[3]

Ən son qeyd edək ki, əcnəbilərin dini təbliğatla məşqul olmaları baxımından qadağa var. Belə ki müvafiq qanunun 1-ci maddəsinə görə, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.

 

[1] 2016-cı ildə dini azadlığın vəziyyətinə dair beynəlxalq hesabat, available at: https://az.usembassy.gov/az/2016-ci-ildə-dini-azadligin-vəziyyətinə-dair-beynəlxalq-hesabat/

[2] ibidem

[3] European Court of Human Rights, Case of Nasirov and Others v. Azerbaijan, 20.06.2020, para.7-12.

5. Dinə dəvətin (təbliğatın) mümkün növləri, onların aparılması şərtləri

Təbliğatın müxtəlif növləri mümkündür. Təhsil kimi, Quran və hədis kursları, dini materialları yayma kimi bəzi təbliğat növlərinə toxunduq. Lakin faktiki olaraq təbliğat başqa metodlarla da mümkün ola bilər. Məsələn ictimaiyyətə açıq yerdə ibadətlə məşqul olmaq, dini ayin keçirmək də bir təbliğatdır.

Təbliğatla müxtəlif formalarda məşqul olmaq olur. Məsələn evlərə getməklə, küçədə insanlarla söhbət etməklə, bukletlər paylamaqla, dini kurslar açmaqla,  mediada maarifləndirici və dini söhbətlər aparmaqla təbliğat aparmaq mümkündür.

Dini etiqad azadlığı haqqında Qanun, yuxarıda saydıqlarımın ancaq bir qismini tənzimləyib. Qanunun tənzimləmədiyi təbliğat metodlarını hüququn iki prinsipləri işığında qiymətləndirməliyik – analogiya, və hərəkət azadlığı prinsiplərinə görə.

Müqəddəs kitabları ya da hədisləri öyrətmək üçün açılan kurslar baxımından, dini icmalar bağlı olduqları dini mərkəzlə bunu razılaşdırmalıdır. Bu kurslar ancaq dini icmanın qeydiyyatda olduğu yer, ya da ibadətxanada təşkil oluna bilər.

Heç bir icmaya bağlı olmadan hansısa AR vətəndaşının Quran ya da İncil öyrətməsində hansısa qanuni tənzimləmə, ya da məhdudiyyət yoxdur.

Bir məsələyə toxunaq ki, peşəkar dini fəaliyyət həcminə çatan fəaliyyətin, orta ya da ali təhsilli din xadiməri olmalıdır. Dini Etiqad Azadlığı haqqında Qanunun 4-1-ci maddəsinə görə, peşəkar dini fəaliyyətlə məşqul olmaq üçün din xadimi olmaq lazımdır. Peşəkar dini fəaliyyəti, həmin maddə “dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyət” kimi nəzərdə tutub.

Könüllülük: dini təbliğatın vacib bir elementi də könüllülükdür, və bu könüllülük təbliğ olunan, dəvət olunan tərəfə aiddir. Yəni təbliğata məruz qalan şəxs, buna könüllü şəkildə məruz qalmalıdır. Söhbətdə, yığıncaqda könüllü şəkildə qalmalıdır; tərk etmək istədikdə, dərhal tərk edə bilməlidir.

Könüllülük bu halda olmur: vəzifə bölgüsü ilə bağlı asılılıq münasibəti olduğu yerdə, ailə münasibətləri istisna olmaqla başqa cür maddi asılılıq olan münasibətlərdə könüllülük olmur.[1]

Namazı və sair ibadətləri öyrətmək də təbliğatdan qəbul edilə bilər. Amma namaza və digər ibadətlərə insanlar birdən başlamaz, daha əvvəl başqa bir təbliğata məruz qalaraq Tanrıya inanmağa, və buna görə də ibadət etməyə dəvət olunmalıdır. Bu səbəblə Tanrıya inanmağa və ibadətə olan dəvəti dini icmalar həyata keçirdikdə, bunu ancaq özlərinin qeydiyyatdan keçdikləri ünvanda edə biləcəklər. Lakin insanları birdən-birə icmanın ibadətxanasına, ya da mərkəzinə dəvət etmək mükmün olmadığına görə, daha əvvəl müvafiq platormada – hərhansı bir yerdə - insanlar icmanın ofisinə/ibadətxanasına dəvət olunmalıdır. Bu dəvət sırasında da, insanlara onların hara və niyə dəvət olundurlarına dair da onlara məlumat verilməlidir.

Bu dediklərim dini icmalara aidir. Vətəndaşlar üçün qanun tənzimləmə nəzərdə tutmur. Belə bir tənzimləmə açıq formada ancaq dini materialları yaymaq baxımından nəzərdə tutulduğundan, deyə bilərik vətəndaşlar baxımından qanunverici orqan bilərək digər tənzimləmələri nəzərdə tutmayıb. Odur ki aşağıda incələyəcəyimiz İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan “dini yığıncaqlar, ….. və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması” hüquqpozması, fərdi qaydada təbliğat aparan, faktiki olaraq bir icma formalaşdırmamış şəxsə aid edilə bilməz. Çünki qanunvericilik münfərid qaydada peşəkar sayılmayan dini fəaliyyəti ümumiyyətlə tənzimləməyib.

Ümumiyyətlə qeydiyyatdan keçmiş dini icmaların əsas təbliğat fəaliyyəti ancaq qeydiyyatdan keçdikləri ünvanda, ya da qeydiyyatda göstərilən ibadətxanada mümkündür. Qeydiyyatlarını almadan isə, dini icma hansısa fəaliyyət həyata keçirə bilməz.

Söhbət etdiyimiz dindarlardan birisi, Quran və hədis dərslərini öz evinin həyətində apardığı, pandemiya səbəbilə onları təxirə saldığını dedi. O, hansısa icmanın üzvü deyildi. Bir başqası isə, həyətdəki bir otaqda uşaqlara Quran dərsi keçdiyini, uşaq sayı 5-6 nəfər olduğuna görə isə onlara davam etdiyini, pandemiyaya görə kəsmədiyini bildirmişdir.

Dini icmalar baxımından qanunvericilikdə yaranan digər boşluq da bundan ibarətdir ki, 30 nəfər sabir bir qrup ortaq dini fəaliyyət həyata keçirmək istəyirsə, qanun buna imkan vermir. Dini etiqad haqqında Qanunun əvvəlki redaksiyasında, dini icma yaratmaq üçün 50 deyil, 10 nəfər tələb olunurdu, və bir kənddə, ya da məhəllədə 10 nəfər tapmaq daha rahat idi. İndiki qanunvericilik isə azı 50 nəfər tələb edir ki, 20-30 nəfər dindarın ortaq möizə oxuması, təbliğat mahiyyətli yığıncaqda iştirak etməsi qanunla mümkün olmayacaqdır.

Bu cür bir məhdudlaşdırma radikal dini qruplarla mübarizədə bir vasitə kimi düşünülmüş olsa da, qeyd etməliyik ki beynəlxalq insan hüquqları standartlarına cavab verməkdən uzaqdır. Bəzi beynəlxalq hesabatlarda da bu məsələ tənqid olunub.[2]

Təbliğatın online versiyası barədə danışmaqda fayda var.

Ölkədə hal-hazırda bütün ibadətxanalar pandemiya səbəbilə qapalıdır, və pandemiyanın da uzun sürəcəyi artıq şübhə doğurmur. Ziyarət etdiyimiz Bakıda yerləşən 2 pravoslav kilsəsi, bazar günləri ayinlərini keçirmədiyini qeyd elədi. Bu çətinlikləri aradan qaldırmaq üçün bu gün üçün, internet üzərindən təbliğat aparmaq mümkündür və tamamilə sərbəstdir. İnternet üzərindən təbliğat həm pandemiya şəraitində, həm də adını çəkdiyimiz, dini icma qurmağa yetərsayı olmayan sabit qruplara, həm münfərid qaydada dini mətinləri öyrətmək istəyənə, digər təbliğat fəaliyyətlərində mümkündür. İnternet - virtual platformadır, və həm dini icmalar, həm də ayrı-ayrı fərdlər elektron kontentdə zorakılığa çağırış mahiyyətində olmayan, insana ləyaqətinə ziddiyət təşkil etməyən hər cür dini təbliğat fikirlərini ictimaiyyətə çatdıra bilər. Youtube və Facebook sosial şəbəkələrində bu cür videolara sıx-sıx rastlaya bilərik.

Pandemiya sırasında məşhurlaşan Zoom və Jitsi Meeting kimi platformalarda da sərbəstçə təbliğat və dini söhbətlər qurula bilər. Sadəcə bu, ya qeydiyyatdan keçmiş dini icma adından həyata keçirilməlidir, ya da ki dini icma kimi çıxış etməyən sabit olmayan, vəzifələri bölünməyən bir qrup şəxs tərəfindən təşkil edilməlidir.

 

[1] Kokkinakis v. Greece, 25.05.1993, para.48; Larissis v. Greece, 24.02.1992, para.51

[2] Tony Perkin, Gayle Manchin, Nadine Maenza, Gary L.Bauer and others, 2020 Annual Report of the US Commission on International Religious Freedom, p.52

6. Dini təbliğat qaydalarını pozmanın qanunvericilikdə nəzərdə tutulmuş sanksiyaları

Təbliğat sırasında çap olunmuş, buklet, kalendar, CD halında olan dini materiallarda nəzarət markası yoxdursa, bu hal İnzibati Xətalar Məcəlləsinin 451-cü maddəsinə görə pozuntu sayılacaq, həmin materiallar pul ilə satıldığı hallarda material müsadir olunmaqla əldə olunan gəlirin iki mislindən dörd mislinə kimi cərimə oluna biləcək. əgər materiallar pulsuz paylanılırsa, belə halda İXM 451-ə görə cərimə tətbiq oluna bilməyəcək, lakin material müsadirə olunacaq.

Dini qurumlar təbliğatı hüquqi ünvandan kənarda keçirərsə, bu hal İXM 515.0.4-cü maddəsi ilə məsuliyyət (icma üzvləri üçün 1500 manatdan 2000 manaa qədər, rəhbəri üçün 7000 manatdan 8000 manata qədər) yarada biləcək. Lakin daha əvvəl qeyd etdik ki, icma üzvləri insanları öz hüquqi ünvanlarına dəvət edə bilmək üçün onlarla müəyyən qədər söhbət aparmaları da zəruri olacaqdır. Belə bir dəvət həmçinin yazılı buklet şəklində də olması mümkündür.

7. Nəticə

Görüldüyü kimi qanunvericiliyimiz təbliğatı bir qayda olaraq sərbəst tutsa da, digər tərəfdən onda müəyyən məhdudlaşdırmalar, habelə də boşluqlar mövcuddur. Bununla belə qanunvericilik həm də beynəlxalq standartların üstünlüyünü prinsip kimi qəbul etdiyinə görə, deməli məhkəmələr qanundaki ziddiyət və boşluqları şərh edərkən beynəlxalq tribunalların və konvensiyaların qərarlarını üstün götürməlidir. Təbliğat məsələlərində də dindarlar üçün əsas sıxıntı, dini icmaların qeydiyyatı ilə bağlıdır; çünki qeydiyyatsız halda icma kimi görülə bilən bir qrup ya da onun hansısa üzvü, təbliğatla məşqul ola bilməyəcəkdir. Bu gün üçün dini icmaların qeydiyyat məsələsi; ictimai qaydanı poza biləcəyi, ekstemizmlə məşqul ola biləcəyi şübhəsi daşıyan dini konfessiyalarla mübarizədə əsas qanuni instrument kimi istifadə olunur. Ölkədə rahat və sərbəst dini təbliğat mühitinin olmadığını, inzibati müdaxilənin ciddi olduğunu qeyd etməkdə fayda var. Dinlər humanist, insanpərvər və qeyri-zorakı olmalıdır; din isə dövlətdən ayrı. Bu cür legitim milli təhlükəsizlik məqsdələri olsa da, inzibati müdaxilənin qeyri-adekvat və artıq olduğunu da qeyd etməkdə fayda var.