Dini fəaliyyətlə bağlı aparılan cinayət işlərində ədalətli məhkəmə standartları

 1. Dini etiqad azadlığının tənzimləyən daxili qanunvericilik normaları:

            Azərbaycan Respublikasında insanların dini etiqad azadlığı və onun dövlətin əsas öhdəliyi kimi qorunmasının təməl prinsipləri milli hüquq sisteminin “əsas qanun”-u olan AR Konstitusiyası ilə müəyyən edilir. Bütün digər qanunvericilik aktlarındakı insanın öz dini etiqadını həyata keçirməsi ilə bağlı olan, ona münasibətdə hüquqi tənzimləmə xarakteri daşıyan bütün qanun müddəaları öz başlanğıcını məhz Konstitusiyanın həmin bu təməl normalarından götürür, Kanstitusion prinsiplərə zidd olmamaqla və onlardan yola çıxmaqla hüquq norması müəyyən edilir.

            AR Konstitusiyasının “Dövlətin əsasları” adlı II fəslinin 18-ci maddəsində din və Azərbaycan dövləti arasındakı münasibətin xarakterinə aydınlıq gətirilmişdir. Həmin maddəyə əsasən din dövlətdən ayrıdır, yəni dini qanunların dövlət idarəetməsinə hər hansı formada təsirinə yol verilmir və ondan kənarda tutulur. Bu prinsip Konstitusiyanın “Azərbaycan dövlətinin dünyəvi Respublika olması”-nı bəyan edən 7-ci maddəsində də öz əksini tapmışdır. Konstitusiyanın 18-ci maddəsi mahiyyət etibarilə həmçinin onu da müəyyən edir ki, hansı dini məzhəbə qulluq etməsindən asılı olmayaraq insanların etiqad azadlığı dövlət tərəfindən bərabər şəkildə qorunacaqdır, bir şərtlə ki, həmin dini cərəyanlar insanpərvərlik prinsipinə və insan ləyaqətinə əks mövqedə dayanmasın.

Konstitusiyanın II bölməsi, III fəslində müəyyən edilən Əsas İnsan və Vətəndaş Hüquqlari və Azadlıqlarından biri kimi 48-ci maddədə “Vicdan azadlığı” təsbit edilmişdir. Vicdan azadlığı mahiyyət etibarilə hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququnu ehtiva edir.[1] Dini əqidəsini ifadə etməyin formalarından biri olduğu üçün dini mərasimlərin yerinə yetirilməsi ictimai qayda və əxlaq anlayışları ilə ziddiyyət yaratmadığı müddətdə sərbəst hesab olunur. Göründüyü kimi bu maddə “heç bir dini inancı olmama” halını da insanın vicdan azadlığının passiv ifadə forması kimi onun əhatə dairəsinə aid etmişdir.

Konstitusiyanın 71-ci maddəsində III fəsildə göstərilmiş bütün İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, eləcə də dini etiqad azadlığının təminatı dövlətin və onun bütün törəmə orqanlarının, eləcə də ədalətin başlıca təminatçısı rolunu oynayan məhkəmələrin əsas vəzifəsi olaraq müəyyən edilmişdir. Konstitusiyanın 4-cü bəndində, “daxili etiqad azadlığı” da deyilən bir prinsip[2] tənzimlənib, həmin bəndə əsasən, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bu heç bir halda dini etiqada malik şəxsin hüquqi məsuliyyətinin yaranmasına səbəb ola bilməz.

Dini etiqad azadlığının “xarici (bayıra yansıyan) etiqad azadlığı” növü isə, yəni təklikdə və ya başqaları ilə birlikdə, açıq şəkildə və ya kənara biruzə verilmədən[3] həyata keçirilməsinin təmini, bununla bağlı dövlətin vəzifələri ilə bağlı daha müfəssəl tənzimləyici normaların yer aldığı sahəvi normativ hüquqi akt “Dini etiqad azadlığı haqqında” AR qanunudur. Qanun həmçinin dini qurumların dövlət qeydiyyatına alınması, onların əmlaka sahiblik etməsi məsələlərini tənzimləyir.

Dövlət fərdlərin dini etiqad azadlığını tanımaqla bərabər bu azadlığa qanunvericiliklə legitim hədd müəyyən etmişdir. Qanunvericiliyin dili ilə bu hədd “dini etstremizm” adlanır və “Dini ekstremizmə qarşı mübarizə haqqında” AR qanununda ona qarşı mübarizənin formaları geniş qaydada tənzimlənir. Bu qanun dinə səmimi etiqad göstərməni, ibadəti, dini inancını yaşamanı dini düşmənçilik, dini radikalizm və ya dini fanatizmdən ayırır və birincilərə qanunvericiliklə yaradılmış azadlıq imkanını ikincilər üçün qəti şəkildə istisna edir və birincilərdə ikincilərin xüsusiyyətləri müşahidə olunmağa başlandığı andan etiabərən dövlətin bütün hüquqi mühafizə strukturlarının onlara qarşı mübarizə üçün səfərbər olunacağı və bu mübarizənin xarakteri barədə tənzimləmə müəyyən edir.

 

[1] Azərbaycan Konstitusiyası, m.48.

[2] European Commission For Democracy Through Law (Venice Commission), Guidelines For Legislative Reviews Of Laws Affecting Religion Or Belief,  Osce/Odihr Panel Of Experts On Religion Or Belief,  11 June 2004, Section B.1, https://www.venice.coe.int/webforms/documents/default.aspx?pdffile=CDL(2004)061-e

[3] ECtHR, CASE OF Hasan and Chaush v. Bulgaria, (Application no. 30985/96), § 60.

2. Dini etidaq azadlığının beynəlxalq hüquqda normativ əsasları

Nəzərdən keçirdiyimiz kimi AR Qanunvericiliyində dini etiqad sahibi şəxslərə münasibətdə yüksək tolerant münasibəti əks etdirən dünyəvi normaların olması, bəllidir ki, öz mənbəyini Beynəlxalq hüquqdan, beynəlxalq müqavilə və konvensiyalardan götürür. Bu məqsədlə, Beynəlxalq hüquqi paktlarda yer almış dini etiqad azadlığının təmin edilməsinin zəruriliyi ilə bağlı əsas hüquq normalarını nəzərdən keçirək:

Azərbaycan Respublikasının həm qanunvericilik sistemi, həm də məhkəmə praktikasına ən çox təsir gücünə malik olan beynəlxalq aktlardan biri mübahisəsiz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Avropa Konvensiyasıdır (bundan sonra “Konvensiya/AİHK”). Konvensiyanın “Fikir, vicdan və din azadlığı” adlı 9-cu maddəsinin 1-ci bəndi hər kəsin fikir, vicdan və din azadlığı hüququ olduğunu bəyan edir və bildirir ki, bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

         Avropa İnsan Hüquqları Məhkəməsinin 9-cü maddənin pozuntusunun tanınması ilə bağlı bir sıra qərarları vardır. Bunlara Azərbaycandan “Yahova şahidləri” dini təşkilatının nümayəndələri tərəfindən göndərilmiş şikayətlər də daxildir. Onlardan biri kimi “Nəsirov və başqaları” № 58717/10 işi üzrə qəbul edilmiş qərarı misal göstərmək olar, hansında ki, Avropa Məhkəməsi Konvensiyanın 5-ci (Azadlıq hüququ) və 9-cu maddələrinin pozuntusunu tanımış, öz qərarında Yahova şahidlərinin qapı-qapı gəzərək öz dini inanclarını yaymağa çalışmasına münasibətdə ümumi prinip olaraq qeyd etmişdir ki, din azadlığı ilk növbədə fikir və vicdanla bağlı məsələdir və Konvensiyanın 9-cu maddəsində göstərilən din azadlığı onun sadəcə təklikdə yox, həm də başqaları ilə birlikdə cəmiyyət içində, ictimai şəkildə yaşanmasını ehtiva edir.[1] Dini inancın aşkar surətdə yaşanması ibadət etməni, dini ayinləri həyata keçirməni, öyrətməyi, müşahidəni əhatə edir. Dini etiqadın manifesti başqaları üzərində mümkün təsirlərlə müşahidə oluna biləcəyi üçün, Konvensiyanın 9-cu maddəsinin aşağıda göstərilən 2-ci bəndi qanunvericinin iradəsinə uyğun olaraq həmçinin dini inamın aşkar, yəni kənara yansıyacaq şəkildə yaşanmasını da ehtiva edir:   Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.[2]

Dini azadlıq ilk növbədə fərdi inanc ilə bağlı məsələ olsa da, o, həmçinin, inter alia, tək və gizli və ya açıq şəkildə digərləri ilə birlikdə və onunla eyni inancı bölüşdürən şəxslərlə birgə “dinə ibadət etmək” azadlığını da nəzərdə tutur.[3] Dini icmalar ənənəvi olaraq mütəşəkkil qurumlar şəklində olduğundan 9-cu maddə toplaşmaq azadlığına dövlətin əsassız müdaxilələrinin qarşısını almaq üçün təminatlar müəyyən edən Konvensiyanın 11-ci maddəsi nəzərə alınmaqla təfsir olunmalıdır.[4] Bu perspektivdə baxılarsa, dindarların öz dininə digərləri ilə bir icmada ibadət etmək hüququnu da daxil olduğu dini azadlıq hüququ dindarların qanunsuz dövlət müdaxiləsi olmadan sərbəst şəkildə toplaşmasına icazə veriləcəyi gözləntisini də ehtiva edir.[5] Əlbəttə ki, dini icmaların müstəqil şəkildə mövcud olması demokratik cəmiyyətdə plüralizm üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir və buna görə də bu məsələ 9-cu maddə ilə nəzərdə tutulmuş müdafiədə mərkəzi yer tutur. Dövlətin Məhkəmənin presedent hüququnda nəzərdə tutulmuş bitərəfliyi və qərəzsizliyi dövlət tərəfindən dini etiqadın qanuniliyini qiymətləndirmək sahəsindəki istənilən səlahiyyəti ilə uyğunsuzluq təşkil edir.[6]   

            AİHK 14-cü maddəsinə əsasən, Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə müxtəlif dini etiqad sahibi şəxslərə münasibətdə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.

Din və vicdan azadlığı əsas mülki və siyasi hüquqlardan biri kimi BMT Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da da yer almışdır. Belə ki, 18-ci maddəyə əsasən, hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir, hansı ki, bu hüquqa özü seçdiyi dinə və əqidəyə malik olmaq və ya öz istədiyi dini və əqidəni qəbul etmək azadlığı və öz dini və əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, açıq və ya özəl qaydada etiqad etmək, ibadət etmək, dini və mərasim ayinləri və təlimini yerinə yetirmək azadlığı daxildir. Həmin maddənin 3-cü bəndində isə müəyyən edilir ki, öz dininə və əqidəsinə etiqad etmək azadlığına yalnız qanunla müəyyən edilən və ictimai təhlüksizliyin, asayişin, sağlamlığın və əxlaqın, eyni dərəcədə digər şəxslərin əsas hüquq və azadlıqlarının mühafizəsi üçün zəruri olan məhdudiyyətlər qoyula bilər. Bu maddə ilə həmçinin valideynlərin öz uşaqlarına öz əqidələrinə uyğun olaraq dini və mənəvi tərbiyə vermələri də dini etiqad azadlığının tərkib hissəsi kimi müəyyən edilmişdir.[7]

Bu sahədəki ən vacib və müfəssəl tənzimləmənin yer aldığı aktlardan biri BMT Baş Məclisinin 25 noyabr 1981-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Dinə və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasi haqqında bəyannamə”dir.[8] 8 maddədən ibarət olan Bəyanamədə dini etiqad azadlığının təmin edilməsi əsas insan hüquq və azadlıqlarının müdafiəsi barədə öhdəlik götürmüş dövlətlərin başlıca vəzifəsi kimi müəyyən edilməklə bərabər 6-ci maddədə fikir, vicdan, din, yaxud əqidə azadlığına geniş mənada hansı azadlıqların daxil olduğu müfəssəl şəkildə müəyyən olunur.

 

[1] ECtHR, CASE OF NASIROV AND OTHERS v. AZERBAIJAN, (Application no. 58717/10), § 65.

[2] ECtHR, Eweida and Others v. the United Kingdom, (App. no. 58717/1048420/10, 36516/10, 51671/10),  § 80.

[3] ECtHR, Case of Hasan and Chaush v.Bulgaria, (Application no. 30985/96), § 60, Venice Commission Joint Guideleness, page 7.

[4] EUROPEAN COMMISSION FOR DEMOCRACY THROUGH LAW (VENICE COMMISSION) AND OSCE OFFICE FOR DEMOCRATIC INSTITUTIONS AND HUMAN RIGHTS (OSCE/ODIHR), Joint Guideleness ON THE LEGAL PERSONALITY

OF RELIGIOUS OR BELIEF COMMUNITIES, Adopted by the Venice Commission At its 99th Plenary Session (Venice, 13-14 June 2014), CDL-AD(2014)023, page 5.

[5] ECtHR, Case of Hasan and Chaush v.Bulgaria, § 65.

[6] ECtHR, Case of Metropolian Church of Bessarabiya and others v.Moldova, §118 and 123, Hasan and Chaush v.Bulgaria, § 62.

[7] CCPR General Comment No. 22: Article 18 (Freedom of Thought, Conscience or Religion), §6, § 8.

[8] Deklarasiyanın tam mətni üçün baxın: https://www.un.org/ga/search/view_doc.asp?symbol=A/RES/36/55

3. Dini etiqad azadlığı ilə bağlı qanunvericiliyinin pozuntusuna görə nəzərdə tutulan cinayət-hüquqi sanksiyalar.

Öncəliklə qeyd edək ki, AR Cinayət Məcəlləsində dini etiqad azadlığına münasibətdə yer alan cinayət tərkibləri dini etiqad azadlığının həyata keçirilməsinə qəsd edən ictimai təhlükəli əməllər dini etiqad azadlığının qanunvericilikdə nəzərdə tutulmuş normalardan kənar şəkildə həyata keçirilməsi ilə əlaqədar ortaya çıxan ictimai təhlükəli əməllər olmaqla iki yerə ayrılır. Cinayət Məcəlləsində yer alan həmin birinci kateqoriya cinayət tərkiblərinin məqsədi dini etiqadlı şəxsləri həmin cinayətlərin subyektlərinə münasibətdə qorumaqdırsa, ikinci kateqoriya cinayət tərkiblərinin Cinayət qanununda yer alma məqsədi cəmiyyəti, yəni kənar şəxsləri həmin cinayətin subyekti olan və öz dini inancını ekstremist və ya başqa sözlə daha qatı formada həyata keçirməyə çalışan dini etiqadlı şəxslərə münasibətdə qorumaqdır.

Sözünü açdığımız birinci kateqoriya bir neçə cinayət aitdir. Bunlardan ilki CM 167-ci maddəsində nəzərdə tutulan “Dini ayinləri icra etməyə mane olma” aiddir.

Unutmaq olmaz ki, dini etiqad azadlığını həyata keçirmə hüququnun subyektləri sadəcə dindar şəxslər yox, həm də heç bir dini inancı olmayan şəxslərdir. Ona görə də, dini etiqad azadlığının cinayət hüquqi müdafiə vasitəsi kimi cinayət qanunundakı 167-1-ci maddə çıxış edir, hansınınki dispozisiyası “şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə və ya hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma”nı ehtiva edir.

Dini etiqadla bağlı törədilə biləcək cinayətlər siyahısında habelə “Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma (Maddə 167-2); “Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma (Maddə 167-3);” “Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə (Maddə 168); İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan aparılması (Maddə: 168-1.1);”Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə (Maddə 283.1)” cinayət tərkiblərini göstərə bilərik.

Bu cinayət tərkiblərinin prinsip etibarilə dini etiqadlı şəxslərin öz dini baxışlarını başqaları ilə paylaşma, yayma, dini əqidələrini aşkar sürətdə ifadə etmə ilə bağlı davranışlarına onlar ictimai təhlükəli xarakter almağa başladığı andan etibarən hədlər müəyyən edir. Xüsusilə vurğulamalıyıq ki, 167-2-ci maddəsində habelə CM 168-1.1-də göstərilən əməl, yəni müvafiq icazə olmaması cinayətin ümumi əlamətləri olan “əməlin ictimai təhlükəli olması” işığında qiymətlənirilməlidir, yəni ictimai təhlükə yaratmayan dini ədəbiyyat idxalı cinayət məsuliyyətinə səbəb olmamalıdır. Əks halda elə bir cəza AİHK 9.2-ci maddəsində göstərilən “demokratik cəmiyyətə zəruri olma” prinsipini pozar.[1]

Dini etiqadını həyata keçirən şəxslərin dini motivli əməlləri ictimai təhlükəli olaraq o zaman səciyyələnməlidir ki, onlar:

  1. Dini düşmənçilik xarakteri daşısın, yəni digər dinlərə qarşı qəti barışmaz və tolerant olmayan mövqe nümayiş etdirsin,
  2. Dini radikalizmin xüsusiyyətini daşısın, yəni hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə etmiş, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirmiş və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə etmiş olsun,
  3. Dini fanatizmlə, yəni dini inama qarşı hər hansı tənqidi yanaşmanı istisna etmə və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilmiş olsun.

İkinci kateqoriya[2], yəni potensial subyektlərinin dini etiqadlı şəxslər ola biləcəyi cinayət tərkibləri isə cinayət qanununda çoxluq təşkil edir. Qeyd edək ki, son illərdə CM-nə edilmiş əlavə və dəyişikliklərlə sözü gedən cinayət tərkibləri genişləndirilmiş, həmçinin CM-ə 28.10.2016-ci il tarixli dəyişikliklərlə 214-cü “Terrorçuluq”,  “278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ; “279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma”; “283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması”; “283-1. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma” maddələrinin dispozisiyası “dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə” ifadələrinin artırılması ilə genişləndirilmişbuna müvafiq surətdə həmin maddələrə daha ağır sanksiya nəzərdə tutulmuşdur. Bu da ciddi sayda vətəndaşımızın Suriyada İŞİD tərəfində döyüşmək üçün getdiklərindən sonra alınmış bir tədbir oldu.

Bunu isə dövlətin qatı dindarlara və onların öz dini inanclarını yayma və yaşama formalarına qarşı mövqeyinin daha da kəskinləşməsinin və onlara qarşı mübarizədə görüləcək tədbirlərə hüquqi əsas yaratma cəhdlərinin nəticəsi kimi qiymətləndirmək olar.

 

[1] ECtHR, Case of Nasirov and others v. Azerbaijan § 61.

[2] Bu o demək deyildir ki, “ikinci koteqoriya” adlandırdığımız cinayət tərkiblərinin subyektləri sadəcə dini etiqadlı şəxslər ola bilər. Həmin cinayətlər heç bir dini etiqadı olmayan şəxslər tərəfindən də törədilmiş ola bilər. Bu cür kateqoriyalara ayırma, sadəcə olaraq cinayət qanunvericiliyi ilə nəzərdə tutulan tənzimləməyici normaların dini etiqadlı şəxslərə münasibətdə təsir dairəsinin daha dəqiq müəyyən edilməsi məqsədi daşıyır.

 

4. Ölkəmizdə dindarların dini fəaliyyətinə görə təqib olunmasında istifadə olunan rəsmi ittihamlar:

Həm beynəlxalq insan hüquqlarında, həm də AR qanunvericiliyində müəyyən dinlərə etiqad edən şəxslərə olan hüquqi münasibətlə tanış olduq. Gördüyümüz kimi, bu münasibət onların öz dini etiqadlarını azad şəkildə həyata keçirmələrinə şəraitin yaradılmasından ibarətdir. Xüsusilə yerli qanunvericilikdə,[1] AR-in tərəfdan çıxdığı beynəlxalq hüquqi müqavilələrin normalarına uyğunlaşdırlaraq, adaptasiya edilməklə, dini etiqadlı şəxslərə qarşı bütün hüquq və azadlıqlar təmin edilmişdir. Lakin müxtəlif dinlərə qulluq edən və öz inanclarını sərbəst surətdə həyata keçirmək istəyən şəxslərə yerli hüquq mühafizə orqanlarının münasibətini əks elətdirən mövcud mənzərə,  qanunvericilikdə hüquqi təminatların tətbiqi ilə bağlı bir sıra problemlərin olduğunu ortaya çıxarır. Hətta bəzi hallarda dini etiqad azadlığı ilə bağlı qanunvericiliyinin pozuntusuna görə nəzərdə tutulan cinayət-hüquqi sanksiyalardan dini etiqadlı şəxslərə qarşı sui-istifadə edildiyi, onlara qarşı irəli sürülən hüquqi ittihamların çəkisini artırmağa xidmət etdiyi də müşahidə ettmək mümkündür.

Dini etiqadlı şəxslərin daha çox bu cür maneələrlə dinə başqaları ilə birlikdə etiqad etmək, öz əqidələrini açıq şəkildə ifadə etmək və yaymaq istədikdə  üzləşdiyini görürük. Bu cür hallardan biri və hardasa ən böyüyü kimi İslam dininə etməklə bərabər siyasi hakimiyyəti ağır dillə tənqid edən, eyni zamanda öz etiqadlarını açıq şəkildə yaymaq və yaşamaq istəyən şəxslərin birliyi olan “Müsəlman Birliyi Hərəkatı”-na münasibətdə ortaya çıxmışdır.[2] Azərbaycan cəmiyyətində daha çox “Nardaran hadisələri/işi” olaraq adlandırılan bu hadisədə Taleh Bağırzadə başqa olmaqla onlarla digər İslam dininə etiqad edən şəxsin uydurma ittihamlarla təqsirləndirilərək uzun müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə xatırlanır.[3]

 İfadə edilən ittihamların əhatə dairəsinin və xarakterik xüsusiyyətlərinin nədən ibarət olmasına keçməzdən əvvəl bildirmək istəyirik ki, cümlədə qeyd etdiyimiz kimi həmin ittihamların əsassız olmasını iddia etməyimizin səbəbi, həmin cinayət hüquqi ittihamları üzrə nə ibtidai araşdırma, nə də məhkəmə istintaqı dövründə təsdiqedici mötəbər sübutların müəyyən edilməməsi, istintaqda ağır işgəncələrin verilməsi,[4] cinayət işində yer almaması və hüquqi mühakimə ilə yanaşdıqda Taleh Bağırzadə və digərlərinin dini etiqad azadlığı ilə bağlı bu yazıda da qeyd etdiyimiz yerli və beynəlxalq qanunvericilik normalarına ziddi hər hansı hüquqazidd hərəkət və əməlin subyekti olmamasıdır.

Taleh Bağırov və digərlərinə qarşı irəli sürülən ittihamların daha çox hansı kateqoriyaya aid edildiyi və xüsusiyyətləri barədə ümumi təsəvvürə malik olmaq üçün rəsmi ittihamın başlıq hissəsindən aşağıdakı məzmun çıxarışını təqdim edirik:

“Bağırov Taleh Kamil oğlu Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlətin konstitusion quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə olunan dini dövlət qurulmasına yönələn hərəkətlər etmək məqsədi ilə ətrafına Bakı şəhəri və respublikanın digər bölgələrindən tərəfdarlar toplamaqla müvafiq qaydada rəsmi dövlət qeydiyyatına alınmadan Müsəlman Birliyi Hərəkatı İctimai Birliyi adlanan qurum onun rəhbərliyi ilə təsis edilərək, həmin hərəkat adı altında özü ilə eyni radikal dini baxışları bölüşən şəxslərlə mütəşəkkil dəstədə birləşib cinayətlərinin təşkilatlanmış şəkildə törədilməsinin təmin edilməsi üçün vəzifə bölgüsü apararaq....Müsəlman Birliyi Hərəkatı adlı qanunsuz quruma üzv olan şəxslərdən üzvlük haqqı, eləcə də özləri tərəfindən hazırlanan ayrı-ayrı məscidlərdə və ictimai yerlərdə qoyulan qutulara ianə adı ilə yığılan pul məbləğlərinin  toplanılıb, mütəşəkkil dəstənin maliyyələşdirilməsində istifadə olunmasına, dəstə üzvü Elçin Qasımov tərəfindən saxtalaşdırılmış əmrlə Əbülfəz Bünyatovun guya baş redaktoru təyin edilmiş “Azad News” adlı beynəlxalq ictimai, siyasi, hüquq qəzetinin nəşrinə rəhbərlik etmiş, keçirdiyi qanunsuz yığıncaqlarda respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarının müzakirəsini apararaq, hərəkatın üzvlərinə, eləcə də Bakı şəhərindən və respublikanın müxtəlif bölgələrindən topladıqları tərəfdarlarına hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə açıq çağırışlar edərək və .... habelə ... insanların dini nifrət və düşmənçiliyinin salınmasına yönələn hərəkətləri təşkil etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən mənsub olduqları qanunsuz qurumun xeyrinə qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə....”

Taleh Bağırov və digər dindarların cinayət törətməkdə təqsirli bilindiyi rəsmi ittihamlar aşağıdakılardır:

1. Şəxsiyyət əleyhinə olan cinayətlər

Maddə 120.  Qəsdən adam öldürmə: 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12, 29; 120.2.1, 29; 120.2.3, 29; 120.2.4, 29; 120.2.7; 120.2.12, 28;

2. İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər

Maddə 214. Terrorçuluq: 214.2.1, 28; 214.2.3; Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar

   Maddə 220. Kütləvi iğtişaş: 220.2;

      Maddə 228. Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı

maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə: 

228.3; 228.4;

3. Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər:

  1. Maddə 278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə 
  2. Maddə 279.1: Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma,
  3. Maddə 281. Dövlət əleyhinə yönələn açıq çağırışlar: 281.2;
  4. Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması: 283.2.3

4. İdarəetmə qaydası əleyhinə olan cinayətlər

  1. Maddə 315: Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə.

Qeyd edək ki, burada şəxsiyyət əleyhinə olan cinayətlər “İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər” və “Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər”in nəticəsi kimi ortaya çıxmışdır. Ona görə də, xarakterinə görə bu yazıda əhatə edəcəyimiz və dindarların törətməkdə ittiham edilməsində xarakteriklik daşıyan 2-ci və 3-cü kateqoriyaya aid olan cinayətlərdir.

Kateqoriyasına görə “Nardaran işi”də dindarlara qarşı irəli sürülən ittihamları təhlil etdikcə ortaya belə bir qənaət çıxır ki, Azərbaycan Respublikasında dindarın dini etiqad azadlığı ümumilikdə qorunur, o şərtlə ki, onların öz etiqadlarını azad şəkildə və başqaları ilə birlikdə həyata keçirmək, bu məqsədlə müxtəlif qruplarda, birliklərdə birləşmək, öz inanclarını ətrafa yaymağa çalışmaq, bu məqsədlə müxtəlif nitqlər söyləyərək açıq dini çağırışlar etmək hüquqları dövlətin siyasi maraqları ilə kəsişməsin. Hazırki Taleh Bağızadə və digərlərinin işində, İslam dinin qayda-qanununa itaət etmənin nəticəsi kimi ətrafda yaxşılığı, doğruluğu, ədaləti bərpa etməyə çalışmaqdan ötrü hər hansı ictimai birlikdə bir araya gəlmək, yuxarıda göstərilənlərlə bağlı öz fikirlərini açıq şəkildə ifadə etmək onlara qarşı irəli sürülən cinayət hüquqi ittihamlardan göründüyü kimi dövlət tərəfindən hakimiyyətə qarşı çıxmaq və itaətsizlik kimi tövsif olunmuşdur.

 

[1] DEAQ m.12.

[2] ““Nardaran işi”; siyasi motivlər, qanunsuzluqlar və reallıqlar” mövzusunda Araşdırma- Hesabat, Siyasi Məhbusları Müdafiə Mərkəzi, 21.02.2017, https://www.turan.az/advertisements/Nardaran%20ishi%20siyasi%20motiv.htm

[3] NARDARAN İŞİ: 270 illik cəza, işgəncələr, nəzarətə götürülən kənd, 25.01.2018, https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/nardaran-isi-270-illik-ceza-isgenceler-nezarete-goturulen-kend/

[4] ''Məqsəd Əbülfəz Bünyadovu öldürməkdirsə, birdəfəlik güllə vursunlar'', 08.06.2019, Meydan TV, https://www.meydan.tv/az/article/meqsed-ebulfez-bunyadovu-oldurmekdirse-birdefelik-gulle-vursunlar/

5. Din azadlığı ilə bağlı cinayət ittihamlarında müdafiə tərəfinin diqqət etməli olduğu prosessual hərəkətlər

Öncəliklə qeyd edək ki, AR Cinayət Prosessual Məcəlləsinə əsasən cinayət prosesində qanunçuluğun təmin edilməsi AR Cinayət Prosessual qanunvericiliyin əsas prinsiplərindən biridir və qüvvədə olan qanunvericiliyə əsasən hər hansı diskriminasiyaya yol verilmədən, hansı dini inancı daşımasından və dini qrupa aid olmasından asılı olmayaraq hər kəs cinayət prosesinin iştirakçısı kimi çıxış etdikdə onun əsas insan hüquq və azadlıqlarına təminat verilir.

Yuxarıdakı bölmələrdə qeyd etdiyimiz kimi, din azadlığının istifadəsi ilə bağlı iləri sürülə bilən ittihamları 2 yerə bölmək mümkündür. Bunlar bir tərəfdən 3-cü bölmədə incələdiyimiz DEA haqqında Qanunun pozulmasından yaranan cinayət məsuliyyəti ilə, digər tərəfdən isə başqa (qeyri-dini) motivlərlə də törədilə bilən, və bu araşdırmanın 4-cü bölməsində ələ aldığımız cinayətlərdir.

Bu cinayətlərdə dispozisiyalar və cinayət işinin xüsusiyyətləri fərqli olduğundan, ədalətli məhkəmə hüququ standartları bunlarda fərqli şəkildə qarşımıza çıxa bilər. Ədalətli məhkəmə hüququnun hansı standartlarını bu cür müdafiələrdə istifadə olunmalıdır? Əvvəlcə bu standartları qısaca gözdən keçirək:

  1.  Müdafiəsini hazırlamaq üçün kifayət qədər zamana və imkanlara sahib olma hüququ;
  2. Özünü müdafiə hüququ, məhkəmədə çıxış hüququ, istər özü vasitəsilə, istərsə də seçdiyi vəkil vasitəsilə, vəkil tutmağa pulu yoxdursa, vəkili ona pulsuz dövlət təmin etməlidir;
  3. Ona qarşı olan şahidlərə sual soruşma hüququ, habelə, onun xeyrinə olan şahidlərin də əleyhinə olan şahidlərlə eyni dərəcədə işdə iştiraklarını istəmə hüququ;
  4. Ona qarşı olan ittihamın əsasını təşkil edən maddi sübutlarla tanış olma və onları yoxlama hüququ, bu yoxlama müstəqil ekspert tərəfindən yoxlamanı da əhatə etməlidir.
  5. İstər ibtidai araşdırmada, istərsə də məhkəmə istintaqı mərhələsində öz xeyrinə sübutlar təqdim etmə və onların araşdırılmasını tələb etmə hüququ (silahların bərabərliyi prinsipi)
  6.  İşə ağlabatan müddətdə baxılması hüququ;
  7.  Məhkəmə dilini anlamırsa, pulsuz tərcüməçiyə hüquq;
  8.  Məhkum olunubsa, işə bir daha apellyasiya qaydasında işə səmərəli şəkildə baxılması hüququ,
  9. Şəxsin özü əleyhinə ifadə verməyə məcbur etmənin qadağan edilməsi və susma hüququ
  10. Həbsdə saxlanıldıqda, həbsdə saxlanma sırasında vəkil ilə konfidensial şəraitdə görüşmə, həkim müayinəsindən keçmə, ayrı-seçkiliyə və pis rəftara məruz qalmama hüququ,
  11. Məhkəmə qərarlarının (qərərdadlar daxil olmaqla) əsaslandırılması.

 

Prosessual hərəkərlər cinayət prosesi iştirakçılarının Cinayət Prosessual Məcəllədə nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir. Yuxarıda göstərildiyi kimi, dindarlara qarşı irəli sürülən cinayət hüquqi ittihamların xarakterik xüsusiyyətlərindən asılı olaraq bir sıra spesifik prosessual hərəkətlər vardır ki, dindarların təqsirləndirilən şəxs kimi çıxış etdiyi cinayət işlərində ədalətli nəticəyə nail olmaq üçün həmin prosessual hərəkətlərin həyata keçirilməsi önəmlidir. Məsələn bunlara müdafiə tərəfinin ibtidai-araşdırma və ya məhkəmə istintaqı dövründə dinşünaslıq və Məhkəmə linqvistik-dinşünaslıq ekspertizasının həyata keçirilməsi üçün vəsatətlə çıxış etməsi aid edilə bilər.

Bu cür vəsatətlərin verilməsi xüsusilə aşağıdakı ittihamlar üzrə həqiqətin ortaya çıxarılmasından ötrü vacib əhəmiyyət daşıyır: Həm cinayət və İnzibati-xətalar Məcəlləsində “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına, idxalına razılıq verilməmiş dini təyinatlı ədəbiyyatın satışı, yayılmasının həyata keçirilməsi ilə bağlı fəaliyyət sanksiyalaşdırılmışdır.[1] Bununla bağlı qeyd edək ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalı, idxalı və yayılmasına nəzarət etmək, dini qurumların və müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq vermək səlahiyyətinə malikdir.  Məhkəmədə təqsirləndirilən şəxsə qarşı sübut qismində təqdim edilən ədəbiyyatın insanpərvərlik prinsiplərinə zidd olması, dini nifrət və düşmənçiliyə rəvac verəcək, dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirləri ehtiva etməsi, ölkəmizdəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək ifadələri əks etdirməsi dinşünaslıq ekspertizası vasitəsilə sübuta yetirilmirsə, bu cür dini ədəbiyyat nümunələrinin ölkə ərazisində çapı və yayılmasına heç bir qadağa yoxdur. Buna görə də, ittihamın xaraketi ölkədə qadağan olunmuş dini ədəbiyyatla bağlı olduqda dinşünaslıq ekspertizası tərəfindən müvafiq rəyin verilməsi zəruridir.

Dini etiqad azadlığı kontekstində deyilən ifadələrin ekspertizası da əsasən DQİDK tərəfindən həyata keçirilir. Konkret bir ədəbiyyatın, ekspertiza tərəfindən yolverilməz olduğuna dair rəy verilsə də, bənzər ədəbiyyatın (ordakı ifadələrin) xarici ölkələrdə işlədilməsinin qanuni sayılmasına dair xarici ölkə presedentlərini də məhkəməyə təqdim edilməsi, bunların protokollaşdırılması uğurlu müdafiə üçün yaxşı olardı. Çünki belə halda, nəyə görə məsələn müxtəlif ölkələrdə satışa icazə verilən ədəbiyyatın ölkəmizdəki istifadəsinə icazə verilməməsinə dair yerli məhkəmələr ağlabatan əsaslar ortaya qoymalı olacaqdır.

Praktikada da istər Avropa İnsan hüquqları Məhkəməsinin[2], istərsə də BMT-nın İnsan Hüquqları Komitəsinin[3] Azərbaycan əleyhinə verdiyi bəzi qərarlarda görmək mümkündür ki, Yahova şahitləri dini konfessiyasına aid olan şəxslərin icazəsiz buklet saxladıqlarına görə tətbiq olunan inzibati cərimə, həmin tribunallar tərəfindən hüquqa zidd sayılmışdı.[4]

Məhkəmə qərarlarının əsaslandırılması: ədalətli məhkəmə standartının vacib şərtləri arasında yer alır. AİHM-nə görə də hüquqi müəyyənlik prinsipi demokratik cəmiyyətdə hüququn aliliyinin təmin edilməsi üçün zəruri şərtlərdən biridir. Əsaslandırma özbaşınalığı da aradan qaldırdığı kimi, eyni zamanda, qətnamədən şikayət verildikdə, qətnamə-nin hüquqa zidd olub-olmadığını müəyyən etmək üçün zəruridir. Burdan belə bir sual yarana bilərki, Milli məhkəmə tərəflərdən birisinin irəli sürdüyü sübutları, vəsatətləri mütləq nəzərə almalıdırmı?

Arqument ya da sübut işin həlli üçün həqiqətən vacibdirsə, milli məhkəmə, əlbəttə, onu nəzərə almalı, onu rədd edirsə qərarını əsaslandırmalıdır, əks halda, ədalətli məhkəmə baxışını pozmuş olar.[5]

Ədalətli məhkəmə hüququ onu tələb edir ki, tərəflər işdə təqdim olunmuş bütün sübutlarla və rəylərlə tanış olsunlar və öz fikirlərini bildirə bilsinlər (əyər istəyirlərsə).[6]

Burada vacib bir məqamı daha qeyd etməliyik. AİHM, milli məhkəmə prosessində üzə çıxan işin faktiki hallarını mübahisə altına qoymamaya meyillidir. Bunu AİHM dəfələrlə vurğulayıb.[7] Lakin milli məhkəmələr tərəfindən əsaslanan işin faktiki halları öz arasında ziddiyətlidirsə, belə hallarda AİHM işin faktiki hallarında dair araşdırma apara bilər.

İşdə qanunsuz yollarla toplanmış sübutlardan istifadə olunubsa, AİHM-nin rəyi belədir: AİHM-nin vəzifəsi, sübutların qanunsuz yollarla əldə edilib-edilmədiyini yoxlamaqdan ibarət deyildir; Məhkəmə bu “qanunsuzluğun” Konvensiya ilə qorunan başqa bir hüququn pozulmasının nəticəsində yaranıb-yaranmadığını yoxlamalıdır.[8] Məsələn müstəntiq əziyyət çəkmədən müttəhimi döyərək, sübutun yeri haqqında məlumat əldə edirsə, AİHK-nın 3-cü maddəsi pozulduğundan, sübutdan istifadə etmək olmaz. Nardaran 1 və Nardaran 2 işlərində müdafiə tərəfi qanunsuz dəlillərlə bağlı müxtəlif vəsatətlər vermis, və həmin şikayətləri AİHM-yə daşıyıblar.

Məhkəmədə cinayət işlərində bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə təqdim edilməlidir. Məhkəməyə qədər mərhələdə isə bizim ölkədə cinayət işi müdafiə tərəfinə qapalıdır. AİHM buna yaxşı baxmır. Belə ki, təqsirləndirən şəxsin əleyhinə ifadə verən şahid olubsa, müdafiə tərəfinə ibidai araşdırma mərhələsində də imkan verilməlidir ki, onlar şahidlərə sual soruşa bilsinlər.[9] 

Halbuki yuxarıda da incələdiyimiz kimi, xüsusilə “Nardaran işi” adlandırığımız işdə, təqsirləndirilən şəxslərin işgəncəyə məruz qalaraq özləri əleyhinə ifadə vermələri müəyyən edildiyi kimi, müdafiə tərəfinin verdiyi vəsatətlərin qəbul olunmaması, şahidlərin dinlənilməməsi kimi hallara sıx rast gəlinmişdi.[10] Məhkəmələrin bu cür davranışı irəlidə həmin hökmlərin Konvensiyaya və ICCPR 14-cü maddəsinə[11] zidd sayılması üçün əsas təşkil edə bilər. Bu səbəblə bu cür cinayət işlərində, sübutetmə, dəlillərin toplanması, şahidlərin dinlənilməsi ilə bağlı vaxtında düzgün vəsatətləti yazılı formada təqdim etmək vacibdir. İşə baxan məhkəmə bunları araşdırmazsa, ədalətli məhkəmə şərtlərini həm qərəzsizlik həm də əsaslandırma baxımından yerinə yetirmiş olmaz.

Vəkil ilə dərhal, konfidensial şəraitdə və məhdudiyyətsiz görüşmə hüququ da ədalətli məhkəmə standatlarının vacib hissəsidir.[12] Adını çəkdiyim Nardaran işində, vəkillərin müttəhimlərlə görüşməsində çətinliklər yaşanmışdır.  

Əsaslandırmanın bir növü də, apelyasiya şikayətində göstərilən dəlillərin məhkəmə tərəfindən öz qərarında qiymətləndirmələridir. Bunla bağlı da AİHM-nin mövqeyi belədir ki, məhkəmələr hər irəli sürülmüş fakta ayrıntılı cavab verməli deyildir və bəzi hallarda da məhkəmə aşağı məhkəmənin qərarındakı əsasları təkrarlamaqla kifayətlənə bilər.[13] Amma bunun üçün aşağı məhkəmənin qərarı hüquqi və məntiqi baxımdan əsaslı olmalıdır və ayrıca yeni (ağlabatan) etirazlar irəli sürülməmiş olmalıdır.

Ölkəmizdə apellyasiya instansiyaları məhkəmələrinin təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində irəli sürdükləri hər apellyasiya iddiasına qarşı əsaslandırılmış cavab vermədiklərini müşahidə etmək mümkündür. Bu barədə AİHM-nin yerləşmiş praktikası belədir ki, apelyasiya məhkəmələri hər bir şikayətə müəfəssəl cavab verməli olmasalar da, məhkəmə qərarları adətən əsaslandırılmalıdır və apelyasiya şikayətlərində olan əsaslı dəlilləri öz qərarında araşdırmalıdır. Bunların araşdırılmadan apelyasiya instasiyasının qərar verməsi də ədalətli məhkəmə standartının pozuntusu sayılır.

Ədalətli mühakimə standatları ilə bağlı ən son toxunmaq istədiyimiz məqam, dini etiqad azadlığının məhdudlaşdırılmasına səbəb kimi göstərilən qanunun keyfiyyətidir. Bilindiyi kimi, dini etiqad azadlığına hansısa məhdudiyyət qanunla gətirilməlidir, lakin hansısa bir hüquq normasının qanun sayılması üçün onun açıq, başa düşülən, əhatə dairəsi müəyyən olan, təxmin edilə bilən, özbaşınalığa qarşı qoruma təmin edən bir mətn olması zəruridir.[14] Halbuki həm cinayət işlərində, həm də inzibati xətalarla bağlı icraatlarda sanskiyanın tətbiq olunması mexanizmi, AİHM-nin Azərbaycanla bağlı verdiyi qərarlardakı kimi olmadığını görmək mümkündür. Məsələn Məmmədov Azərbaycana qarşı işdə, AİHM-nin fikrincə DEAQ-nun 22-ci maddəsindəki tənzimləmənin vətəndaşlar barəsindəki tətbiqinin şübhəli olmasına baxmayaraq, məhkəmənin buna bir açıqlama gətirməməsi, qanuna uyğunluq prinsipini pozurdu.[15] Qanunvericiliyimizə qayıtsaq, dini ədəbiyyatın idxal və istehsal edilməsində razılıq və nəzaət markasının verilməsi/imtinasının dəqiq şərtlərinin gösərilməməsi, yaxud dini icmanın başında olacaq din xadimin təsdiq olunmasının şərtlərinin olmaması, DEAQ müvafiq müddəalarını “qanunun keyfiyyəti” standartından məhrum edir. Deməli, bu məsələrlə bağlı vəsatət və etirazlar yerli məhkəmələrdə irəli sürülməlidir. Burada ikili məqsəd güdüləcək, bir tərəfdən yerli qanunvericiliyin keyfiyyətinin düzəldilməsi, digər tərəfdən bu qəbildən işlərin AİHM-də uğurla aparılmasıdır.

 

[1] Baxın: İXM 515-ci maddə ilə CM-nin 167-2-ci maddəsi.

[2] ECtHR, Case Of Mammadov v. Azerbaijan, Application no. 7308/12.

[3] UN Human Rights Committee, Aziz Aliyev, Jeyhun Aliyev and others v. Azerbaijan, 2805/2016.

[4] ECtHR, Case Of Relıgıous Communıty Of Jehovah’s Wıtnesses V. Azerbaijan, Application no. 52884/09.

[5]     Karakasis v.Greece, 17.10.2000, §.23.

[6]     F.R v.Swizerland, 28.06.2001, §.36

[7] Klaas v Germany, 22.11.93, §.29

[8]     Ramanauskas v. Lithuania, 05.02.2008, §.52.

[9]     Moul, Harbi, page 75.

[10] “Nardaran işi”; siyasi motivlər, qanunsuzluqlar və reallıqlar”, https://www.turan.az/advertisements/Nardaran%20ishi%20siyasi%20motiv.htm

[11] UN Human Rights Committee, General Comment No. 32 “Article 14: Right to equality before courts and tribunals and to a fair trial”, § 39. 

[12]  UN Human Rights Committee, General Comment No. 32 “Article 14: Right to equality before courts and tribunals and to a fair trial”, § 34. 

[13]   Garcia Ruiz v.Spain, 21.01.1991, §.34.

[14] ECtHR, Case Of Relıgıous Communıty Of Jehovah’s Wıtnesses V. Azerbaijan, Application no. 52884/09, § 27.

[15] ECtHR, Case Of Mammadov v. Azerbaijan, Application no. 7308/12., § 34.

6. Nəticə

Cinayət Prosessual Qanunvericiliyimiz insan hüquqlarını qoruma baxımından kifayət qədər proqressiv olsa da, məhkəmələrin müstəqil olmaması, idarəçilikdə qanunçuluq deyil, məqsədə uyğunluq prinsipinin əsas götürüldüyü üçün, habelə Dini Etiqad Azadlığı haqqında qanuna, Cinayət Məcəlləsinə və inzibati Xətalar Məcəlləsini məhdudlaşdırıcı normalar daxil edildiyinə görə, dindarlar “demokratik cəmiyyətdə zəruri” olmayan cəzalarla üzləşə bilirlər.  Burada dini etiqad azadlığının məhdudlaşdırılması, bəzi hallarda sadəcə qeyri-proporsional olmaqla qalmır, həm də ədalətli məhkəmə standartlarının pozulması ilə həyata keçirilir. Burda əsas səbəb məhkəmələrin siyasi və qeyri-müstəqil olması olduğuna görə, bu cür ittihamlarda müdafiə tərəfi mühakimənin ədalətli keçirilməsi üçün yaradıcı olmalı, müvafiq standartları bilərək onlara uyğun davranılmasının irəli sürməli, bunlara nail olmağa çalışmalıdırlar.