Azərbaycanda vətəndaşların dinini dəyişməsi və onun nəticələri
müəllif: Hüseyin Bağırov
- 1. Giriş
- 2. Dini dəyişmə nədir?
- 3. Azərbaycanda dini dəyişmə, səbəbləri və mümkün nəticələri
- 4. Nəticə və təkliflər
1. Giriş
İnsanların özünü dərk və identifikləşməsində, eləcə dünyagörüşünün formalaşmasında Din və ona münasibət, yəni dini mövqe önəmli rol oynayır. Dini mövqe üzrə identifikasiya kiçik yaşlardan valideyn və ya qəyyumluq səlahiyyətinə mənsub şəxslər tərəfindən tərbiyənin bir parçası olaraq təbliğ edilir və formalaşdırılır.[1] Bu proses 2 yolla gedir: məcburi və könüllü.
Hər iki halda fərd təhlil və tənqid, müstəqil düşünmə baxımından kifayət qədər yetişmiş olmadığından, iradəsindən asılı olmayaraq dini kortəbii qəbul edir. Zamanla yetişdikcə və düşüncə qabiliyyəti inkişaf etdikcə, yəni fərdin şəxsiyyətə çevrilmə prosesi boyunca fərd öz identifikliyini, ətraf mühit və ona baxış bucağını sorğulamağa başlayır ki, bu prosesdə diqqət mərkəzi olan əsas identifik faktorlardan biri də dindir. Bu prosesin nəticəsi iki situasiyada müəyyənləşir:
1) Fərd ilkin dini mövqeyində sabit qalır.
2) Dini mövqeyini dəyişir.
Bu yazıda Azərbaycanda fərdlərin hansı səbəblərlə dini mövqelərini dəyişdiklərini və bu sonrakı mərhələdə hansı problemlərlə üzləşdiyini araşdıracağıq.
[1]https://www.nolo.com/legal-encyclopedia/child-custody-religion-29887.html
2. Dini dəyişmə nədir?
Bəzi mənbələrdə dini dəyişmə yalnız şəxsin dini mövqeyində bir dindən və ya məzhəbdən digərinə keçidi özündə ehtiva edən dəyişiklikdir.[1][2]Əvvəlcədən bu mövzuda bir əsas anlayışa aydınlıq gətirməyi vacib hesab edirik ki, bizə görə dini dəyişiklik yalnız bir dindən digər dinə keçid etməklə məhdudlaşmır. Dini dəyişiklik şəxsin identifikləşməsi prosesi zamanı dini mövqeyində baş verən hər bir dəyişikliyi özündə ehtiva edir.
Din - dini, ictimai, fəlsəfi və ideoloji fikirləri özündə cəmləşdirən inanc sistemidir və fərdin bu sistemə olan münasibəti, inancı onun dini mövqeyidir. Bu da o deməkdir ki, şəxsin dinə qarşı münasibəti ona olan inamını azaltmaq və ya ona qarşı tam əks mövqedə durmaq kimi dəyişə bilər. Şəxsin inancındakı bu dəyişiklik onun dini mövqeyindəki dəyişiklik hesab olunur. Bu baxımdan Ateizm, Deizm, Agnostizm kimi mövqelərə keçid etmək də dini dəyişiklik sayılır.
[1]https://www.definitions.net/definition/religious+conversion
[2]https://en.m.wikipedia.org/wiki/Religious_conversion
2.1. Dini dəyişmə kimi qəbul edilən hallar
Beləliklə, dini dəyişiklik 3 formada baş verir:
- Bir Dindən digər Dinə keçid
- Dinin daxilində bir Məzhəbdən digərinə keçid
- Dinə inamın və inancın dəyişəcək şəkildə zəifləməsi və aradan qalxması
2.2. Ümumi mənada dini dəyişmənin səbəbləri
Dini dəyişmənin səbəbləri ilə bağlı aparılmış sosial tədqiqatların[1] ümumi nəticəsi olaraq əsas səbəblər bunlardır:
- Gənc yaşlarda insanların mövqelərinin daha dəyişkən və elastik, psixologiyalarının təbliğat başda olmaqla təsir edici ünsürlərə qarşı davamsız olur.
- İnkişaf etməkdə olan yoxsul ölkələrdə insanların daha təhsilsiz və aşağı maddi səviyyədə olmaqları onları missionerlərin dini iddiaları və xeyriyyə təbliğat metodlarına qarşı müdafiəsiz edir.
- Xəstə yatağında güclənən ölüm qorxusu və digər dünya ilə bağlı düşüncələrin həssaslaşması bəzən sorğulamaya və nəticədə dini dəyişməyə səbəb olur.
- Problem və itkilərdən, eyni zamanda məhrumiyyətlərdən yaranan depressiyalar insanların dini inanclarının zəifləməsinə və onu sorğulayaraq yenidən gözdən keçirməsinə, daha uyğun dini mövqe axtarıb keçid etməsinə səbəb olur.[2]
Şəxslərin dini inanclarında dəyişiklik prosesi əsas 2 halda baş verir:
- a) Şəxs öz dini kimliyini könüllü sorğulayır.
Əvvəldə də qeyd etdiyimiz kimi fərdin dini identifikasiyası ilkin mühitdə uşaqlıq və yeniyetmə illərində formalaşdığından, bir çox halda şəxsiyyətə çevrilmə və idetifikləşmə prosesində dini mövqeyin bir daha gözdən keçirilməsi, sorğulanması və müəyyənləşdirilməsi baş verir. Təbliğat, həvəsləndirmə və maneə kimi[3]hərəkətverici qüvvələrin iştirakından asılı olmayaraq, fərdin azad seçimləri əsasında dini mövqeyində etdiyi dəyişiklik könüllü dini dəyişiklikdir.[4]
Ümumiyyətlə, fərdin dini mövqeyini sorğulaması onun düşüncə sistemində liberal və mühafizəkar ölçülərdən tam asılıdır. Şəxs hər nə qədər liberal və ya açıq düşüncəli olarsa, bir o qədər dini mövqeyinə münasibətdə sorğulayıcı və müəyyənləşdirici olar. Mühafizəkarlıq isə dini mövqeyə münasibətdə kortəbiiliyi ön plana çəkib identifikləşməni əngəlləyir. Bu qayda eynilə də dini dəyişiklik prosesinin digər subyektləri olan təbliğat və ya əngəl törədən şəxslərə aiddir. Bu şəxslərin prosesdəki fəaliyyətlərinin məcburedici yoxsa könüllü prinsiplər üzərində qurulması onların dindarlıq səviyyəsindən daha çox düşüncələrinin liberallıq dərəcəsindən asılıdır.Biz bu tezisin doğruluğunu sorğulayaraq Azərbaycanda əksər dini icmaların nümayəndələri və əhali ilə kütləvi sorğular təşkil etdik.[5]Sorğuların ümumi nəticəsi tezisin doğruluğunu təsdiqlədi.
- b) Şəxs kənar qüvvələrin məcburedici təsiri ilə dini dəyişikliyi qəbul edir.
Dini dəyişikliyə maneə olan faktorlar olduğu kimi, bəzən dini mövqedə sabit qalmağa əngəl olan və dini dəyişikliyi məcburi şəkildə tələb edən faktorlar da olur.[6]
Uzaq keçmişdə dünyəvi dinlərin aparıcı qüvvələrinin işğalla yanaşı dini ekspansiyalar yürütməsi və Yaxın keçmişdə SSRİ kimi dövlətlərin dinlərə qarşı məcburi ateist təbliğatı aparması əslində, könüllülüyü rəhbər tutan dinlərin təbliğatı prosesində məcburilik kimi bir irs qoydu ki, müasir dövrümüzdə də qalıqları öz varlığını qoruyur. Ailə institutu başda olmaqla bu tip cəmiyyətdəki institutlarda mühafizəkarlıq yüksək səviyyədə olur və cəmiyyətin yüksək titullu şəxsləri ailənin-cəmiyyətin digər üzvlərinə qarşı məcburedici tədbir və davranışlarla dini təbliğat aparır, uşaqlıqda ailə, böyüdükdən sonra isə həyat yoldaşı[7]onların dini mövqe dəyişikliklərinə bir-başa təsir edirlər.
Evlilik səbəbindən baş verən dini dəyişikliklər də əksərən məcburi xarakterli olur. Dini mövqelərindəki fərqlilik səbəbindən şəxslərdən biri digərinin dini mövqeyinə keçid etmək məcburiyyətində qalır. Lakin bu, bütün hallarda baş vermir. Tərəflərdən birisinin dindar olması halında bunun ehtimalı artır.
Məcburi dini dəyişikliklər nə hüquqi cəhətdən legitim, nə də mənəvi cəhətdən də etik sayılmır və dinin əsas meyarları ilə uzlaşmır. Müasir dövrümüzdə bu kimi proseslərin qarşısın almaq üçün insan hüquqlarına konvensiyalar qəbul olunur və beynəlxalq hüquqda öz yerini tapır. Bunlardan ən əsası elə Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir ki, onun 18-ci maddəsində insanların öz dini əqidələrini azad şəkildə dəyişə bilmək hüququ öz əksini tapmışdır.[8]
[1]Thomas Swan, Owlcation, 26 mart, 2018- https://owlcation.com/humanities/Why-Do-People-Convert-to-Religion
[2]https://www.pewforum.org/2009/04/27/faith-in-flux/
[3]Saba Imtiaz and Sameer Mandhro, Mass conversions: For Matli’s poor Hindus, ‘lakshmi’ lies in another religion, January 20, 2012, The Express Tribune, https://tribune.com.pk/story/324799/mass-conversions-for-matlis-poor-hindus-lakshmi-lies-in-another-religion
[4]Dan Barker, What Is a Freethınker?, Foundation Freedom for Religon, https://ffrf.org/faq/feeds/item/18391-what-is-a-freethinker
[5]Müxtəlif icmalarla ümumi sorğu, Bakı, Yasamal rayonu, 3-16 May.
[6]The simple reason why people really change churches, switch faiths, or leave religion altogether,
https://religionnews.com/2014/10/14/simple-explanation-people-change-churches-switch-faiths-leave-religion-altogether/
[7]ABŞ-da 2009- cu ildə aparılan bir sorğuda, dinini dəyişənlərin 40% bunu həyat yoldaşının təsiri ilə etdikləri müəyyən edilmişdir. Pew Research Center, Faith in Flux, 27.04.2009, Baxın : https://www.pewforum.org/2009/04/27/faith-in-flux/
[8]https://www.coe.int/az/web/compass/religion-and-belief
3. Azərbaycanda dini dəyişmə, səbəbləri və mümkün nəticələri
Öncəliklə, qeyd etməliyik ki, Azərbaycanda tolerantlıq mədəniyyəti yüksəkdi. Bunun birinci səbəbi ölkənin tarixən daim multi-konfessional olması, qatı dindarlığın olmaması, ikinci səbəbi isə dünyəvi dövlət olmasıdır. Azərbaycanda din dövlətdən ayrıdır və qanunlarda heç bir din digər dinlərdən daha üstün tutulmur. Azərbaycanın post-sovet dövləti olması da onun Yaxın Şərqin islam radikalizmindən kənarda qalması və ölkədə hər hansı dinin, konfessional qüvvənin əsas güc, qüvvə kimi formalaşa bilməməsinə səbəb olmuşdur. Azərbaycanda vətəndaşların vicdan azadlığının tam təmin olunması faktoru özünü ölkədə dini mövqelərlə hətta dini dəyişmələrlə bağlı rəsmi statiskaların aparılmasına ehtiyac duyulmaması ilə göstərir. Bunu Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavinlərinin 2015 və 2017-ci illərdə verdiyi müsahibələrdə görmək olar.[1][2]
Lakin Azərbaycanda fərqli din və məzhəb nümayəndələrinin bir-birilərinin inanc-dəyər sisteminə münasibəti nə qədər tolerant olsa da, dini dəyişikliklərə insanların münasibəti həmişə birmənalı olmur.
Bunun əsas səbəbi odur ki, dinlərin bir-birlərinə qarşı tolerant münasibəti bir dinin digəri qarşı ekspansiyasına qədər sərhədlənib. Dini dəyişmə zamanı şəxsin bir dindən digərinə keçməsi çox vaxt ikincinin təbliğatının nəticəsi hesab olunduğu üçün 2-ci dinin 1-ci dinə qarşı ekspansiya kimi qəbul olunur. Bu zaman həmin ekspansiyaya reaksiya dini dəyişmə etmiş şəxsə və varsa onu bu yola sövq edənlərə münasibətdə ifadə olunur.
[1]Səyyad Aran, 2015, https://qaynarxett.az/index.php?newsid=3930
[2]Mübariz Qurbanlı, 2017, http://operativ.tv/dini-komit-azrbaycanda-dinini-dyisnlrin-sayini-aciqladi.html
3.1. Azərbaycanda dini dəyişənlərin üzləşdiyi problemlər
Azərbaycanda dini dəyişməyə maneə sayılacaq bir neçə əsas səbəb vardır:
- a) ölkədə dini təbliğatla və icmaların qeydiyyatı ilə bağlı olan məhdudiyyətlər
Hər nə qədər Azərbaycan qanunlarında vicdan azadlığı və dini etiqad azadlığının təmin olunması tənzimlənsə də, dinə münasibətdə ölkə daxili bəzi məhdudlaşdırıcı norma və qanunlar beynəlxalq hüquqla üst-üstə düşmür. Xüsusilə də, dini ibadətin bir hissəsi olan təbliğatla bağlı özündə konkretlik ehtiva etməyən bəzi qanun boşluqları var. Beynəlxalq hüquqa əsasən dini təbliğat əsas iki halda məhdudlaşdırıla bilər: Təbliğat prosesi özündə zorakılığa çağırış ehtiva edərsə və məcburilik ehtiva edərsə[1].
Beynəlxalq insan hüquqlarının bu normalarla praktikada əsas məqsədi dindarların, həmçinin dini azlıqların dini azadlığını qorumağa və təzyiqlərdən müdafiə etməkdir.
Lakin Azərbaycanda DEAQ-nun dini təbliğatla bağlı nəzərdə tutduğu məhdudlaşdırıcı normalar maneə yaradır. Dövlət bununla ölkə daxilində xaricdən gələn dini konfessiyaların güclənməsinin qarşısın almağa çalışır, və bu yanaşma sadəcə qeyri-islam dini icmalara aid deyil. Məsələn, Yəhova Şahitləri təriqəti üzvlərinin təbliğatına bu qanunların yaratdığı problemlər dəfələrlə Avropa Məhkəməsinə çıxarılmasına və təriqət üzvlərinin qalib gəlməsinə baxmayaraq hələ də, təzyiqlər qalır.[2][3][4]Təriqət üzvləri ilə keçirdiyimiz müsahibədən bəlli oldu ki, təbliğatla yanaşı birgə ibadətlərinə də sərt maneələr yaradırlar.[5]
Bundan əlavə dini icmaların qeydiyyatı ilə bağlı yeni qanunlarda tələblərin əvvələ nisbətdə daha da yüksəldilməsi əksəriyyəti dini mövqeyində dəyişiklik etmiş şəxslərdən ibarət dini azlıqların ibadətinə maneə yaradan amillərdəndir.
Təbliğat və ibadətə qarşı yaradılan bu maneələr dini konfessiyaların ictimai mövqeyinin də güclənməsinin qarşısını almaq məqsədi güdür və bu proses həmin icmalara olan dini dəyişmə prosesini ləngidir. Qeyri-şəffaf olan bu siyasət təkcə xaricdən gələn dini konfessiya və dini azlıqları yox, İslam kimi digər böyük dini icmaları da əhatə edə bilir. Bu problem dini azlıqlara dəyişmə edən şəxslərin dini fəaliyyətində maneələr yaratmış olur və dini dəyişmə prosesini ləngidir.
- b) Dini dəyişmənin qarşısını almağa yönəlmiş mühafizəkar ailə dəyərləri
Azərbaycanda din dəyişikliyi prosesində maneə yaradan səbəblərdən biri də mühafizəkar dəyərlərdi. Əksər Azərbaycanlıların dini mövqeyi kortəbii, ilkin vəziyyətdədir. Ümumiyyətlə, əksər ailələrdə fərdlərin identifikləşməsi azad seçimləri üzərində qurulmayıb. Azərbaycanlı gənclərin böyük əksəriyyətinin üzləşdiyi əsas problem lazımı yaşa çatdıqda ailənin konservativ zəncirlərindən qurtulmaq cəhdləridir. Bu zəncirlərdən asılı qaldıqları müddətcə identifikləşmə prosesi gec gedir, ləngiyir. Eləcə də, gənclər dini mövqelərini müəyyənləşdirərkən ilkin dini mövqelərini sorğulamalarında ailənin yüksək titullu şəxsləri böyük təsirə malik olur. Və bu yüksək statuslu şəxslərin mühafizəkarlığı gənclərin dini identifikləşməsinə skeptik baxış bucağının, liberal düşüncələrin formalaşmağının qarşısını kəsən əsas maneədir. Mühafizəkar ailələrin məcbur edici qüvvəsi fərdi ilkin dini mövqeyində qalmağa və ya əgər dəyişmişsə əvvəlki dini mövqeyinə geri qayıtmağa məcbur edir. Azərbaycanda İslam radikalizmi olmasa da, mühafizəkar dəyərlərin məcburi yaratdığı kortəbiilik Azərbaycanda İslamın mövqeyini güclü saxlayır. Unudulmamalıdır ki, islam dinində dindən çıxmağın cəzası çox ağırdır və dindar ailələrdə bu ənənə öz təsirini qoruyur.[6]Bu da digər dinlərin təbliğatını və dini dəyişiklik prosesində liberal-müstəqil düşüncə tərzinin yayılmasını əngəlləyir. Azərbaycanda dinini dəyişə bilmiş və ya sorğulaya bilmiş hər kəs zamanında konservativ ailə zəncirlərindən qurtulub müstəqil ola bilmiş və identifikləşmə prosesini öz azad seçimləri əsasında tamamlaya bilmiş şəxslərdir. Apardığımız müsahibələrdə iştirak etmiş şəxslərin hamısı bu problemlə üzləşdiklərini, dinlərini dəyişərkən bu prosesdən keçdiklərini bildirmişdilər.[7]
- c) Dini dəyişmədən sonra mühafizəkar dəyərlərin yaratdığı ictimai qınaq
Dini dəyişikliklə bağlı problemlər təkcə mühafizəkar ailə dəyərlərindən qurtulub dini mövqeyi dəyişməyi tamamlamaqla bitmir. Dini dəyişdikdən sonra bu proses ictimai qınaqla müşahidə edilir. Əvvəldən qeyd etdiyimiz kimi çox Azərbaycanlı liberal düşüncə sisteminə sahib deyil, başqa dinlərə tolerant yanaşsa da, öz dinindən başqa dinə keçmiş şəxslərə münasibəti birmənalı deyil və bəzi hallarda kortəbii şəkildə qınayır və təzyiq göstərir. Lakin müsahibə aldığımız KN, 3-4 fərqli din dəyişdiyini, heç bir halda ailəsi və dostları tərəfindən də qınağa məruz qalmadığını bildirmişdir. O bunu, ailəsi və dostlarının dindar olmaması və hansısa dinə bağlı olmaması ilə izah etdi. Halbuki üzvü olduğu dini qrup/icma tərəfindən ciddi şəkildə yadlaşdırıldığını, uzaqlaşdırıldığını qeyd etmişdi.[8] Məktəblərdə hər zaman Allah və Din mövzularında inam və qorxu hisslərinin vəhdətində tərbiyə edilmiş uşaqlar başqa dinə keçmiş və ya ateizm, deizm kimi dini inkar edən əqidə ilə identifikləşmiş azərbaycanlı görəndə qəbul edə, anlaya bilmirlər və nəticədə ictimai qınaq, ayrı-seçkilik kimi əks-reaksiyalar özünü büruzə verir. Bəzən bu prosesə hətta şagirdlərlə yanaşı müəllim və digər pedaqoqların da qoşulduğu görülən hadisədir.[9]
Bu təzyiqlər dinini dəyişmiş gənclərin təhsilinə və psixoloji vəziyyətinə zərbə vurur. Hələ məktəb yaşlarından bəziləri təzyiqlərə o cümlədən ayrı-seçkiliyə tab gətirməyib ya ilkin dini mövqeyinə geri qayıtmağa məcbur olur, ya da depressiya başda olmaqla psixoloji problem və travmalar alırlar.[10]
İctimai qınaq təkcə məktəbdə az yaşlı fərdlərlə bitmir. Əgər təhsilinə uğurla davam edə bilərsə ali təhsil və iş həyatı boyunca da ətraf mühitindəki insanlar şəxsin dini mövqeyinə əksər hallarda təsir etməyə çalışırlar.
Azərbaycanda dini dəyişiklik mövzusunda İslamın təsiri və ictimai qınaq o qədər güclüdür ki, cəmiyyətin nüfuzlu şəxsiyyətləri, ictimai siyasi xadimləri belə bu mövzuda dini dəyişməyi davamlı müdafiə edəcək mövqe sərgiləməkdən çəkinir, hətta bəziləri özləri dini mövqelərini dəyişsələr belə bu dəyişikliyi gizlədirlər.[11]
- d) Dini icmaların reaksiyası
Dini icmalar özləri də dini dəyişmiş, onlardan ayrılmış şəxslərə qarşı sərt reaksiyalar verirlər. Xüsusi qeyd edək ki, dini icmaların təbliğat və mübarizə mövzusunda mövqelərini və icmadan kənar insanların mövqeyini sorğu və müsahibələrlə araşdırdıqda aşkar etdik ki, dinin daxilindəki dəyişiklərlə mübarizəsi əksər hallarda xarici dəyişiklik və ekspansiyalarla mübarizədən daha sərt və genişdi.[12][13][14][15]Belə bir nəticəyə gəldik ki, dini inkar edən mövqelərlə dinə inanan mövqelər arasındakı mübarizəyə nisbətdə dinlərin öz aralarındakı mübarizə daha kəskindi. Eləcə də, bir dinin fərqli məzhəbləri və təriqətləri arasında mübarizə və nifrət iki dinin üzvləri arasında qarşıdurma və nifrətdən daha çoxdur.
Məsələn, bu mövzuda təşkil etdiyimiz müsahibələrin birində [16]bir neçə dəfə dinini dəyişmiş bir şəxslə etdiyimiz dialoq bəhs etdiyimiz arqumentə tutarlı fakt hesab oluna bilər. Müsahibimiz bildirir ki, onun vaxtı ilə İslamdan ateizmə keçməsi ilə nisbətdə İslam dini daxilində Sünni məzhəbindən Şiə məzhəbinə keçməsi ətrafındakı insanlarda daha çox hiddət-aqressiya yaratmışdı. Bütün bu proseslərin fonunda dinlər bir-birilərinə qarşı mübarizə və dayanışması dini dəyişiklik etmiş şəxslər üzərindən gedir, onlara qarşı sərt sanksiya və məhdudiyyətlər qoyulur. İslamı təbliğ edən icmalardan birinin rəhbəri ilə görüşərkən ondan təbliğat prosesi ilə bağlı maraqlananda təbliğat dairələrinin İslamı artıq tərk etmiş şəxsləri əhatə etmədiyini, onların geri qayıtmasında istəkli olmadığını bildirdi.[17]Və ya Yəhova Şahitləri təriqətinin üzvləri ilə müsahibədə onların icmasını bir dəfə tərk etmiş şəxslərlə bütün əlaqələri kəsdiklərini bildirdilər. Yəhudi icması bu mövzuda daha sərtdi. Onların dinini tərk etmiş şəxslər bir daha geri qayıda bilmirlər.[18]
Beləliklə, hər dini icma özünə məxsus şəkildə dini dəyişiklik etmiş şəxslərə cəza və məhdudlaşdırmalarla təzyiq etməyə çalışaraq həm onların dini dəyişiklik prosesinə maneə yaradır, həm də icmalarının digər fərdlərinin dini dəyişikliklə bağlı fikirlərinin, mövqe dəyişikliklərinin qarşısını almağa çalışır.
[1]EctHR, Case of Konosassis v Greece.
[2]2014, https://www.google.com/amp/s/www.azadliq.org/amp/25415595.html
[3]Case of Nasirov and others v. Azerbaijan, 20.06.2020
[4]https://m.modern.az/az/news/61176/
[5]14 May 2021, Z.Q, A.S, O.Ə, S.Z ilə Yasamal rayonu ərazisində aparılan müsahibə
[6]İlqar İbrahimoğlu, İslamdan üz döndərənlər ölümə məhkum edilməlidir? Faktxəbər internet qəzeti, 05.09.2009, http://www.faktxeber.com/News_h5098.html
[7]Dini dəyişmiş şəxslərlə sorğu, Bakı, Yasamal, Sumqayıt, Qarayev, 3-16 May
[8]19 İyun 2021 tarixində online qaydada KN ilə aparılan müsahibədən alıntı.
[9]Xristianlığa keçmiş TK ilə müsahibə, Bakı, Elmlər Akademiyası, 6 May 2021
[10]Dini dəyişmiş şəxslərlə işləmiş psixoloq Arzu Bəylərova ilə müsahibə, Bakı, Elmlər akademiyası, 14 May 2021
[11]İctimai fəal Allahverdi Həsənovla müsahibə, 11 May 2021, Bakı, Elmlər Akademiyası
[12]Rus-provaslav kilsəsinin keşişi ilə müsahibə, 14 May 2021, Bakı, Nərimanov
[13]Müsəlman-şiə icmalarından birinin nümayəndəsi ilə müsahibə, 15 May 2021, Bakı, Yasamal
[14]Bəhai nümayəndəsi ilə müsahibə, 16 May 2021, Bakı, Nərimanov
[15]Əhali arasında sorğu, 11-23 May 2021, Bakı
[16]İslam şiə məzhəbi təbliğatçısı Ziya Balıyevlə müsahibə, 15 may, Bakı, Yasamal rayonu
[17]Ziya Balıyevlə müsahibə, 15 May 2021, Bakı, Yasamal rayonu
[18]Yəhudi dini icma üzvlərindən biri ilə müsahibə, 13 May 2021, Bakı, Nizami
3.2. Qanunvericilikdə tənzimləmə
Dini dəyişmiş şəxslərin hüquqları da Azərbaycan Respublikasının Dini Etiqad Azadlığı haqqında qanunu və digər qanunlar ilə tənzimlənir. DEAQ-da dini dəyişmə hüququ ilə bağlı açıq formada heç nə qeyd olunmasa da, Qanunun 1-ci maddəsinin şərhindən başa düşmək mümkündür ki, hər kəs istədiyi dində qalmaq, ondan imtina etmək, dini fikirlərini dəyişdirmək, qorumaq və onları sərbəstçə ifadə etmək hüququna sahibdir. Habelə yada salmalıyıq ki, DEAQ 12-1-ci maddəsinin 7-ci bəndinə görə, qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma qanunla qadağandır və həmin qurumun ləğv edilməsi üçün əsasdır. Deməli Qanuna görə, hər hansı şəxs istədiyi anda mənsub olduğu dini qurumu tərk edə bilər.
Ayrıca, Qanunun 4-cü maddəsinə əsasən isəhər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir.
Konstitusiyada, əmək qanunvericiliyində, habelə dövlət qulluğunu tənzimləyən qanunvericilikdə dini motivlərlə ayrı-seçkilik qadağası var. Bu qadağa, insanların dinlərini dəyişməsi baxımından da onlara göstərən rəftara ait olunur.
Başqa bir sözlə, qanunvericiliyə görə dövlət dünyəvi xarakter daşıdığı üçün, dövlət hansısa dinə üstünlük vermədiyi kimi, hansısa dində qalmağa ya da ondan çıxmağa görə hansısa münasibət də ortaya qoymur, bərabərlik prinsipini bu məsələdə də tətbiq edir.
4. Nəticə və təkliflər
Beləliklə, tədqiqatımızda gəldiyimiz nəticə budur ki, Azərbaycanda dini dəyişiklik mövzusunda liberal düşüncələrin zəifliyi bu prosesdən keçən şəxslərin həm dövlət səviyyəsində, həm də cəmiyyətdə maneələrlə üzləşməsinə səbəb olur. Ümumiyyətlə, bu maneələr ikili səciyyə daşıyır. Həm dəyişiklik etmiş şəxslərə təzyiq edir və təbliğatlarının qabağın almağa çalışır, həm də digər fərdlərin bu prosesə qoşulmasının qabağın almağa çalışır. Lakin, zamanla Azərbaycan cəmiyyətində mühafizəkar dəyərlərin zəifləməsi və nisbətən daha liberal düşüncəli gənc nəsilin söz sahibinə çevrilməsi bu problemin gələcəkdə həllini mümkün edir.
Şəxslərin dini mövqelərindəki identifikləşmə prosesinə əngəl olan bu problemlərin həllini sürətləndirmək üçün bəzi tədbirlərin görülməsi də önəmlidir. Göründüyü kimi birinci növbədə qanunlarda olan qeyri-konkretlilik və qərəzlilik aradan qaldırılmalı, qanunların quruluşu daha aydın olmalıdır. İcmaların qeydiyyatı məsələsində şərtlər yüngülləşdirilməli, icmalara beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə azad təbliğat aparmalarına icazə verilməlidir. Dövlətin dinə inzibati müdaxiləsində adekvatlıq prinsipi tətbiq olunmalıdır.
Cəmiyyət daxilində ayrı-seçkilik və təzyiqlərin azalması üçün xüsusi sosial proqramlar qəbul edilməli, ən əsası məktəblərdən başlayaraq sosial mühitlərdə seminarlar təşkil edilməlidir. Hal-hazırda rəsmən elan edilən multikulturalizm siyasətinə uyğun olaraq, sekulyarlıq, din bərabərliyi kimi dəyərlər tədris proqramlarında geniş istifadə olunmalıdır.